TravelNews.Az-ın “Səyyah xanımlar” rubrikasının növbəti – üçüncü qonağı İngiltərədə təhsil alan səyahətçimiz Nazanı Məmmədovadır. İnstagram hesabında (@nazan.nasirin) 12 min izləyicisi olan xanım qonağımzla yaxından tanış olaq:
– Səyahət blogunuz var yoxsa yalnız İnstagram üzərindən paylaşımlar edirsiz?
– Hələki İnstagram üzərindən paylaşımlar edirəm amma zamanla bunu daha da genişləndirərək, müxtəlif yollarla öz səyahət macəralarımı bölüşməyi düşünürəm. Video bloglar çəkmək bunlardan ən birincisidir.
– Niyə məhz bu səyahət?
– Əslində, bunun bir az uzun tarixçəsi var. İnstagramdakı izləyicilərimə də bu tarixçəni bir gün danışacağım üçün söz vermişəm amma qısa deyəsi olsaq, ilk dəfə tək başına səyahət edəndə 16 yaşım təzəcə olmuşdu və heç bir dil bilmədən, çox utancaq bir xasiyyətimlə İngiltərəyə gəlmişdim. Burada tək başıma yarım il yaşamışdım. O ərəfələrdə 16 il ərzində öyrəndiklərimdən daha çox şey öyrəndim və gördüm. Azərbaycana dönəndən sonra artıq məni “mən” edən sahənin məhz səyahət olduğunu anladığımda daha çox səyahətlər etməyə başladım və sonda qərara gəldim ki, məhz səyahətlə bağlı blog açaraq dünyanı öz gözlərimlə digərlərinin görməsinə də səbəb olum…
– 16 yaşında ilk səyahət, maraqlıdır tək səyahət edən xanım üçün təhlükəli cəhətlər hansılardır?
– Yəqin ki, dili bilməmək daha təhlükəlidir. Ancaq fikirləşəndə ki, mən özüm heç bir dil bilmədən ilk səyahətimi etmişdim, onda bu versiya da öz gücünü bir az öldürür. Təhlükəli cəhətlər məncə insanın özü ilə bağlıdır. Düşünürəm ki, küçədə gəzərkən özünü yad, qorxaq aparmaq bütün təhlükəli hadisələrin başlanğıcına çevrilə bilər.
– Səyahətlər zamanı başınıza gələn ən maraqlı hadisə hansıdır?
– İngiltərəyə gəldiyim ilk günüm mənim üçün unudulmaz hekayəyə çevrilmişdi. Bəxtim gətirmişdi ki, ondan öncə ailəmlə səyahətlərim az olmamışdı. Bir çox məlum yerlərdə xarici vətəndaşların ehtiyacları olduqlarında necə kömək ala biləcəklərindən xəbərdar idim. Məsələn, Hitrou hava limanında məni qarşılayacaq şirkətin üzvlərini görmədiyim zaman informasiya mərkəzinə gedib yardım ala biləcəyimi bilirdim. İşin unudulmaz yanı bundadır ki, mən dəhşətli dərəcədə utancaq idim və qətiyyən dil bilmirdim. Üzərimdə isə şəbəkəsi olan nömrə yox idi. Saatlarla özümü ələ almaq, motivasiya vermək və sağlam addım atmaq üçün bir küncdə oturub, düşünməyə, olduğum yeri və özümü dərk etməyə başladım. Elə məhz o andan sonra 16 illik Nazanı dəyişdi və qəfil ayağa qalxaraq bütün lazımi hər şeyi utanmadan, qorxmadan özü etdi (gülür).
– Əminəm ki, sizə sual verənlər çox olur. Ən çox verilən suallar hansılardır?
– Tanışlar daha çox “Necə oldu ki, 16 yaşında tək başına fərqli bir ölkəyə getməyə qərara aldın?”, İnstagramda izləyicilərim isə daha çox “Necə oldu ki, ailəniz bu qədər ölkə gəzməyinizə icazə verdi?” suallarını verirlər.
– Xarici səyahətçilərdən kimləri izləyirsiz?
– Hansısa xüsusi bir şeyi etmək üçün motivasiyamı məhz həmin o şeylə məşğul olmuş insanlarla limitləmirəm. Daha çox araşdırır, daha çox oxumağa çalışır və fərqli hadisələrdən, insanlardan motivasiya almağa çalışıram. Məsələn, daha çox keçmişdə yazıb-yaratmış, hələ də ağıllarımızda “yaşayan” o insanlar mənim böyük motivasiya, güc mənbəyimdir. Onların tarixdə qoyub getdiyi unudulmaz adları, bu adları yazmaq üçün ağır mübarizələri, bu mübarizələr zamanı yaşadıqları böyük ehtirası hiss edir və anlayıram ki, həyatda mümkün olmayacaq heç nə yoxdur.
– Səyahəti sevən amma nədənsə çəkinən və ya başlamaq istəyən amma hardan başlanmasını bilməyən xanımlara nə məsləhət görərsiz?
– Məncə bu hər kəsdə fərqli alınan bir şeydir. Birincisi, səyahət etməyə çəkinən xanımların nəydən çəkindikləri çox önəmlidir. Buna görə də sualı özü kimi ümumi şəkildə cavablandıracam; Belə ki, öncə, nə qədər tipik məsləhətə çevrilsə də, özünə inam mütləqdir. İkincisi, nəyə görə səyahət etmək istədiklərini öyrənməli və buna uyğun planlar hazırlamalıdırlar. Bəzi insanlar səyahəti ancaq bir məkana gedib, məsələn 10 gün ərzində oteldən çıxmadan istirahət etməklə qarışdırırlar. Səyahət etmək maraq istər, öyrənmək, araşdırmaq, kəşf etmək üçün, səyahət etmək sevgi istər, səyahətini etdiyin dünyanı sevmək üçün, səyahət etmək güc istər, daha uzun yollar qət etmək üçün və bəzən də səyahət etmək, dost, ya da əsl dost istər, bütün səyahət boyunda maraqlı anılar yaşamaq üçün.
– Təşəkkür edirəm. Çox maraqlı müsahib idiniz.
– Mən təşəkkür edirəm.
Şərhlər
şərhlər