TravelNews.Az

Turizm Şurasının növbəti iclası keçirilib

Aprelin 6-da Azərbaycan Respublikası Turizm Şurasının üçüncü iclası keçirilib. İclasda aprelin 10-da işə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın 2-ci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti və 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub.

Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və bu sahənin inkişafında təsdiq olunan Strateji Yol Xəritəsi mühüm rol oynayacaq.

Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Statistik rəqəmləri diqqətə çatdıraraq son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayının 557 min nəfərdən artıq olduğunu bildirib. İclasda qeyd olunub ki, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk onluqda isə birinci yeri Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Əərəb Əmirliklərindən gələnlər yer alır.

Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən söz açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir. Bundan əlavə, bu gündən etibarən 5 gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər başlayacaq. Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən həyata keçirilir. Festivalda 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və KİV, tərəfdaşımız olan AZƏRTAC informasiya agentliyi cəmiyyəti festivalla bağlı məlumatlandırır.

Qeyd edək ki, Festival boyunca əyləncəli və mədəni tədbirlər keçiriləcək. Bu tədbirlər şəhərin ən sıx turist axını olan nöqtələrində reallaşacaq. Məqsəd isə mədəni irsin təbliği və mədəniyyətimizin tanıdılmasından ibarətdir. Bakı şəhəri ticarət və əyləncə ab-havasına hazırlanır. Festivalın saytı 1 mart tarixindən fəaliyyətə başlayıb və ay ərzində 57 min istifadəçi saytı ziyarət edib. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon dəfə baxılıb, 600 min nəfər buna münasibət bildirib.

Eyni zamanda onu  da qeyd edək ki,  Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı festival boyunca davam edəcək.

İclasda həmçinin hava limanında köşklərin yerləşdirilməsi, Dövlət Gömrük Komitəsi ilə festival çərçivəsində ölkəyə gətirilən mallara imtiyaz verilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Digər qurumların festivala dəstək verməsi də müzakirə olunub.

 

Şərhlər

şərhlər