…Səhər 09:30-da Astaranın Bəlbay kəndindən çıxaraq Çükəş kəndinə doğru yol aldıq və bu yolu yüksəklikdə yerləşən meşə boyu keçməli idik. Meşəyə gedən dağlıq təpəyə qalxdıqca İsmayıllının Qaranohur gölünə gedərkən keçdiyimiz yolu düşünməyə başladım və düşündüm ki, bu dəfə də elə olacaq – çətinlik yalnız yuxarıya dırmanmaqla bitəcək.
Amma bu səfər Kainat fiziki güclə yanaşı mənəvi səbrimi də sınaqdan keçirməyə qərarlı idi. İlk başda hər birimiz düşdüyümüz gözəllikdə “itdik”. Hər tərəf səssizlik – silsilə yamaclı, ucu-bucağı bitməyən meşə, quşların səsi, sən və Ana təbiət, kəşf olunmayan başqa gözəllik. Hər şey ekzotik bir eyforiya bəxş edirdi . Lakin daha sonra duman-çən gəlməyə başladı… Yağış yağdı, dayandı, yağdı, dayandı -müəyyənləşə bilmədi. Bir yandan havanın damarı çönürdü, bir yandan yürüməyə mane olan palçıq, bir yandan bir gün əvvəlin yürüş yorğunluğu -hər şey üst-üstə gəldikcə səbirsizlik artmağa başlayırdı…
Səbirsizliyin insanı yürüşdə geri saldığını bilirdim və bu, qızıl qaydanı yada saldıqca özümü toparlamağa çalışırdım. Bir yandan da diqqətim yorğun ayaqlarımda qalmışdı ki, palçıqda ikinci bir yıxılma anı yaşanmasın, çünki o an özümü deyil, fotoaparatımı düşünürdüm.
Sonra Bir an gəldi… Səbrin və enerjinin tükəndiyi an. Ən çətin məqam. O an ya vəziyyətə təslim olursan, ya da içində gizli qalan bir digər gücünü səsləyirsən- bütün ruhunla “Bir az daha tab gətirmək üçün işıq göndər mənə” deyib duaya dayanırsan. Və… Və əsl möcüzə onda yaranır əslində. Hər şeyi unudursan. Yorğunluğu da, sənlə və digərləri ilə dirəşən palçığı da. Bir tək hədəfə köklənirsən və gedirsən. Sonra alabaşların hürmə səslərini eşidirsən və başa düşürsən ki, kənd çox yaxındadır. Tələb olunan təslim olmayıb davam etmək və mənzilə yetişməkdir…
Yaşanılan ən gözəl duyğulardan və anlardan biridir bəlkə də. Və bütün bunların müqabilində qazanacağın dəyərlər olacaq sonucda – özünü tanıyacaqsan -gücünü və zəifliyini, dayanma səbrini, “Tükəndim” deyə bilmə cəsarətini. Və sonda başa düşürsən ki, ən gözəl, dəyərli və unudulmaz anlara rahat deyil, bir az əziyyət çəkərək qovuşulur.
Dünənki yürüşdən geriyə isə əlavə olaraq,gözəl Çükəş kəndinin təbiəti və insanları ilə tanışlıq qaldı. Azərbaycan gözəldir.
Şərhlər
şərhlər