Muzeyləri gəzmək istənilən səfərin az qala mütləq sayıla biləcək atributlarındadır. Getdiyiniz şəhərin heç olmasa bir məşhur muzeyini ziyarət etməmiş qayıtmaq bağışlanılmazdır. Üstəlik, əgər, “traveller”, “travelblogger” adına namizədsinizsə bu sizin izləyiciləriniz qarşısında borcunuza çevrilir. Çünki onlar sizi yeni nələrsə öyrənmək, növbəti səfərlərini planlaşdırmaqda ideyalar tapmaq
üçün izləyir və dəstəkləyirlər. Bəxtim gətirib ki, mən məcbur hiss etdiyim üçün yox, xoşladığım üçün ziyarət edirəm. Luvr, Ermitaj və s. məşhur muzeylərlərlə yanaşı orijinal, turizm resurslarında adlarına tez-tez rast gəlinməyən muzeylər marağımı daha çox çəkir.
Belələrindən ağlımda qalan dördünü sizinlə də bölüşüm…
“Kino muzeyi”- Düsseldorf, Almaniya
Bu muzeyi ziyarət etmək üçün təkcə səyahətçi yox, həm də qatı kinoman olmalısınız. Şəhərdə belə bir muzeyin var olduğunu eşidən an anladım ki, onu görməmiş Düssledorfdan gedə bilmərəm. Film izləməyi, film çəkməyi, filmdə çəkilməyi sevən və arzulayan hər kəsin marağını oyadacaq eksponatlar var burada. Ən qədim eksponat 13-cü əsrə aiddir. Kinoproyektlər, kameralar, dekorasiya və kostyumlar arasında ziyarətçilər özlərini muzeydə yox, çəkiliş meydançasında hiss edirlər. Şəkil çəkməyə icazə vermirlər, amma mən cığallıq edib bir neçə kadr tutmuşdum. Şəkillərin keyfiyyətindən də gizlin çəkildiyi hiss olunur. Muzeyə giriş pulludur, qiyməti 10 avroya qədər olmalıdır. Muzeyin tarixi və digər məlumatlarla rəsmi saytında daha ətraflı tanış ola bilərsiniz: https://www.duesseldorf.de/filmmuseum/
“Məsumiyyət muzeyi”, İstanbul, Türkiyə
Bu muzey haqqında da kitab qurdları, xusüsən də müasir dövrün türk yazıçılarını oxuyanlar yəqin ki eşidiblər. Orxan Pamukun eyni adlı əsərinin adı daşıyan muzey konseptinə görə doğurdan da həyatımda gördüyüm ən maraqlı muzeydir. Əsərdə gənc adamın bir qadına olan dəlicəsinə eşqindən və illər boyu qadına aid olan hər şeyi (çəkdiyi siqaretlərin kötüyündən tutmuş saç sancağına qədər) toplamasından danışılır. İllərcə davam edən bu kolleksiya nəticəsində bir muzeylik əşyalar toplanır. Qəhrəman əsərin müəllifindən öz sevgisi haqqında belə bir roman yazmasını xahiş etməklə qalmır, həm də sevgilisinə aid yığdığı əşyaların toplandığı bir muzey açılmasını təşkil etməyi istəyir. Absurd səslənir. Bu muzeyi cəlbedici edən də absurdluğundadır. Muzeydə Füsunun çəngəli, saçının teli olan darağı, paltarı və sairdən başqa kitabın tərcümə olunduğu bütün dillərdəki nüsxələri də vardır. Masumiyyət muzeyi İstanbulun ürəyində, İstiklal caddəsindən biraz aşağıda yerləşir (bu da qəhrəmanın istəyi idi), giriş pulludır, hər gün saat 18.00-a qədər açıqdır. Muzeydə şəkil çəkməyə icazə verilmədiyi üçün fotolar internetdən götürülüb. Kitabı oxuyan və Orxan Pamuku sevənlər İstanbula ilk səfərlərində, məncə, ora getməlidirlər.
Bulqakovun ev muzeyi və ya “Dom Trubinıx”, Kiyev, Ukrayna
Sizin də stolüstü kitabınız bu gizəmli müəllifin “Master və Marqarita”dırsa və Bulqakov haqqında ucundan- qulağından xəbərdarsınızsa bu ağ-appaq muzey haqqında eşitməmiş olmazsınız. Muzeyin ikinci mərtəbəsində Bulqakovun şəxsi əşyaları, qonaq, yataq, iş otağı, əsərlərindən sitatlar, “Belaya qvardiya” romanına aid çoxlu xatirələr var. Bu başdan deyim ki, içəridə bələdçisiz gəzmək imkanı yoxdur, yaşlı bir xanım sizi öz arxasınca aparır və monoton səslə danışır. Bunun müsbət ya mənfi hal olması da adama görə dəyişir. Şəkil, video çəkməyə icazə verirlər, əsas odur işıqlandırma (flash) olmasın. Giriş hardasa 2-3 AZN-dir. Mənim diqqətimi muzeyin özündən çox Bulqakovun verandasında çay içmə mərasimi çəkmişdir, belə də adlanır- “Çayepitiye na bulqakovskoy verande”. Prosess ondan ibarətdir ki, evin arxa tərəfindəki verandada uzun masa arxasında tanıdığın və tanımadığın adamlarla birgə əyləşib çay içirsən, söhbət edirsən. Çay dəsgahına seçimə görə çay, mürəbbə və piroq daxildir. Qiyməti bir nəfər üçün 6-7 AZN idi və dediklərinə görə yığılan pullar evin saxlanılmasına xərclənir. Bir çayxor olaraq çayların çeşidi və dadlarının xüsusi vurğulamaq istəyirəm. Ən xoşuma gələn o olmuşdu ki, verandada çox da böyük olmayan kitab rəfi var idi, bura hər gələn bir kitab qoymaqla əvəzində rəfdən istədiyi kitabı götürür. Devizləri də “Kitablar da adamlar kimi səyahət etməlidir”. İş saatları və tarixi haqqında ətraflı məlumat rəsmi saytda: http://bulgakov.org.ua/
“Tullantıdan incəsənətə” və ya loru dillə zibil muzeyi, Bakı, Azərbaycan
Bəli, bizim gözəl şəhərdə belə maraqlı muzey fəaliyyət göstərir 2015-ci ildən etibarən. Muzeydəki bütün eksponatların hazırlanmasında tullantı məhsullarından istifadə olunub. Tozsorandan tutmuş televizor pultuna kimi hər şeyi bir sənət əsərinə çeviriblər və çox da uğurlu alınıb. Burada görüntüdən başqa ətraf mühitin qorunmasına yönəlmiş ideya da alqışa layiqdir. Muzeydə sərgilənən eksponatlar fərqli ölkələrdən olan müəlliflərə aiddir və bu da sərgidə fərqli mədəniyyətləri görməyə imkan yaradır. Muzey Qala qoruğunun ərazisində, Bakıdan сəmi 40 km aralıqda yerləşir, mənzilə yetişmək üçün şəxsi nəqliyyat, taksi və avtobusdan istifadə etmək olar. Giriş ödənişlidir, qiyməti simvolikdir və gördüklərinizə dəyir.
Siyahımda bir neçə qeyri-adi muzey də var, lakin onlar haqqında ayrı postda geniş yazmaq istəyirəm. Haqqında danışdıqlarım isə bir nəfər də belə maraq oyatdısa nə xoş mənə.
Gəzin!
Şərhlər
şərhlər