Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menecment Universiteti, Qəbələ və Mingəçevir Turizm İnformasiya Mərkəziləri, Mingəçevir, Qəbələ və Naftalanın turizm, sanatoriya-kurort komplekslərinin nümayəndələri, təcrübəli pedaqoq mütəxəssislər və çox sayda KİV təmsilçiləri iştirak edib.
TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəlliklərindən bəhs edən tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Ardınca konfrans zalında bir araya gələn iştirakçılara Azərbaycanda sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarx nümayiş olunub.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Azərbaycanda turizmin inkişaf yolundan danışaraq artıq yeni bir mərhələyə qədəm qoyulduğunu qeyd edib. O, ölkədə, xüsusilə də Mingəçevirin də daxil olduğu coğrafiyada mövcud sağlamlıq rekreasiya turizmini daha da müasirləşdirmək, yeni infrastrukturlar yaratmaqla sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirib:
“İndiyədək qəbul edilmiş” Azərbaycanda turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər Azərbaycan turizminin inkişafına dövlət və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir. Turizm və rekreasiya zonaları dedikdə insanların istirahətini, sağlamlığını, əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur. Biz bu sahədə konkret olaraq yaşadığımız coğrafiyada indiyədək ciddi yeniliklərin tətbiq olunduğuna şahidik. Məsələn Naftalan kurort istirahət komplekslərinin yenidən qurulması, müasir tələblərə cavab verən infrastrukturların yaradılması, bölgədə yerləşən qədim mədəniyyət abidələrinin bərpası və həyata keçirilmiş digər tədbirlər buna sübutdur. Amma razılaşın ki, yaşadığımız coğrafiyada ta qədimdən insanların sağlamlığına müsbət təsiri ilə yadda qalan xeyli sayda müalicəvi su mənbələri, tarixi mədəniyyət nümunələri və digər təbiət resursları mövcuddur. Fikrimcə biz həmin sahələrin perspektivləri barədə daha dərin araşdırma və təhlillər apararaq, yeni səmərəli addımlar atmağa çalışmalıyıq. Xüsusilə də sağlamlıq –rekreasiya turizmi məqsədimizin əsas inkişaf hədəfinə çevrilməlidir.
Daha sonra konfransın digər rəsmi dəvətliləri—Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov təbrik nitqi ilə çıxış edərək konfransın və müzakirə olunan mövzuların xüsusi önəm daşıdığını qeyd edib. O da vurğulanıb ki, belə bir əhəmiyyətli tədbirin Mingəçevirdə təşkil olunması təqdirəlayiq haldır. Çünki bu kollektiv hazırladığı peşəkar kadrlarla son illər ərzində turizmin inkişafına ciddi töhfə verib. Elə Mingəçevir şəhəri də sağlamlıq –rekreasiya turizminin inkişaf etdirilməsi baxımdan yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşir.
Bundan sonra konfransda digər məzmunlu məruzələr dinlənib. Kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin xidmət şöbəsinin rəisi Taner Yılmaz, “Ağsaray” Deluxe Otelinin meneceri Alpərən Tirt, “İstək” litseyinin layihə rəhbəri Fəqan Əhmədov, Kür Olimpiya İdman Tədris Mərkəzinin nümayəndələri Azər Hüseynov və Babək İsakov, Mingəçevir Turizm Kollecinin gənc mütəxəssisləri Elşad Səmədov, İqbal Xudiyev, Vüqar Nağıyev və Gülnar Qurbanova çıxış edərək maraqlı fikirlər səsləndirib. “Azərbaycanın rekreasiya–turizm ehtiyatları”, “Turizm ehtiyatlarının sosial-iqtisadi mahiyyəti”, “Azərbaycanının sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər mövzularda səslənən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və fəal müzakirələrə zəmin yaradıb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov Azərbaycanda sağlamlıq –rekreasiya turizmi sahəsində müşahidə olunan inkişafın turizm sənayesi üçün kadr hazırlığı prosesinə təsirsiz ötüşmədiyini vurğulayıb. Mövcud resurslar və perspektivlər kadr hazırlığı prosesinə yeni yanaşma tərzini zəruri edir deyən dəyərli elm adamı artıq bir sıra təkliflərlə çıxış etdiklərini bildirib:
“Biz növbəti ildən kollecimizdə “Rekreasiya – İdman və sağlamlıq turizmi”, həmçinin “Turizmin iqtisadiyyatı” ixtisasları üzrə tədris imkanları yaradılması istəyində olduğumuzu aidiyyəti qurumların diqqətinə çatdırmışıq. Hesab edirəm ki, bu sahədə tətbiq olunacaq yeniliklər ümumən rekreasiya turizmininin inkişafına önəmli töhfə verəcək.
Konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şərhlər
şərhlər