Cümə , Mart 29 2024
azenru
Home / Blog / Afrikada ilk dayanacaq: Tunis – EMİN HÜSEYNZADƏ YAZIR…

Afrikada ilk dayanacaq: Tunis – EMİN HÜSEYNZADƏ YAZIR…

Avropa şəhərlərindən üçündə olmanız yetərlidir ki, xeyli oxşar cəhətlər tapmağa başlayasınız. Hətta qəsəbə və kənd yerləri də bir-birinə oxşamağa başlayır. Afrika isə elə deyil. Tamamilə fərqli dünyaya düşmək üçün həyatınızda bir dəfə olsa belə Afrikanı seçin. Mən də seçimimi Şimali Afrikadan başladım. Tunis həm turistlər üçün həm də maraqlı dünyanı görmək istəyənlər üçün əla seçimdir.

Viza almaq lazım deyil. Bu gözəl xəbəri eşidən kimi təyyarəyə minib özümü bir neçə saatdan sonra Aralıq dənizinin üzərində uçan gördüm. Təyyarə enər-enməz tunislilərin fərqliliklərini görməyə başladım: Bakıda təyyarəyə yüklənən baqajım hava limanında xəttin üstündə görünmədi. Əlbəttə ki, şikayətlər bölməsinə gedib bu haqda məlumat verdim, baqajın gəlmədiyini onlardan təsdiqini aldım və müvafiq formanı doldurdum. Bölmədən çıxıb qayıdanda gördüyümü indiyədək anlaya bilmirəm. Mənim çantam xətdən kənarda, ayrıca duran baqajla birlikdə dayanmışdı. Çantamın itdiyini necə “təsdiqləndiyi”ni dəqiqləşdirməyin vaxt itkisi olacağını fikirləşib götürüb çıxdım. Sonralar ora gedən turistlərdən bu cür “unutqanlıq” halları haqda çox eşitdim.

Mənzil başına çatmaq istəyirsinizsə taksi sürücüləri ilə döyüşə hazır olmalısınız. Azərbaycandakı sürücülərin “taksi lazımdır” sualını 1-2 dəfə verdiyinə öyrənmişdim. Burda sürücülər adamdan əl çəkmir və dalınca gəzirlər, üstəlik aldadırlar da ! Bir çox ərəb ölkələrində olduğu kimi hansı məkana getməyinizdən asılı olmayaraq taksi sürücüləri həddən artıq qiymət deyəcəklər. Ona görə al-ver etməyə hazırlaşın və ən azı 30% və daha çox endirim tələb edin.

Sürücülərin bir fırıldağı da taksimetrlə bağlıdır. Onun işləməsini tələb etsəniz yaxın məsafəli gediş əvəzinə çox uzaq yollarla gedəcəklər. Mobil xəritə əlinizdə olsun və hər şeyi öncədən razılaşdırın.

Əgət Tunisə getmisinizsə ingilis və digər dil bilikləri lazım olmayacaq. Ya yerli ləhcədə ərəb dilini bilməlisən, ya da fransızca. Ümumiyyətlə, tək Tünis deyil, digər Afrika ölkələri üçün də fransız dili çox hallarda köməyinizə gələr.

Yeməkləri ləzzətlidir ! Sadəcə keçin və seçin. Bir çoxu sizə tanış gələcək. Ləbləbi, şakşuka adları tanış gəlsə də tanımadığınız təamla qarşlaşarcaqsınız. Kuskusu da unutmayın! Amma yeməkdən də vacibi Aralıq dənizinin sahilindəki şəhərləri gəzməkdir. Hamısı ağappaq – bütün evləri məhz bu rəngə boyayırlar və ağın fonunda mavi rəngli qapılar gözəl görünür. Bakıdan kənarda gördüyüm ağaclar burda da təkrarlanır – ağaclar uca və kölgələri sərindir. Payızda səfər etməyimə baxmayaraq hava əməlli-başlı isti idi.

Bir başqa məsələ də gözləntilərinizdir: əgər ərəblərin yaşadığı Afrika ölkəsinin qumsal təsəvvür edirsinizsə, tamamilə yanılırsınız. Yaşıllıqlar sizi valeh edəcək. Burada demək olar ki, isti olmur və məhz Aralıq dənizi biomüxtəlifliyi də bundan yararlanır. Belə ağacları Bakının varlı bağlarında görmüşəm. Bir neçə ildən bir hətta Bakıda təkrarlanan şaxtalı hava onları dibinədək qurudur. Bu da anlaşılandır. Ağac gözəl olsa da bizim iqlimə uyğun deyil.

Bazarlara gedin! Bu bir nömrəli məsləhətimdir. Eyni məhsula 5 yerdən qiymət soruşsanız da 5 qiymət eşidəcəksiniz. Qiyməti dərhal 20% endirirlər. 10-15 dəqiqə alver edin, yeni endirim alacaqsınız. Amma sonda razılaşmayıb yavaş-yavaş dükandan çıxın, satıcı dalınızca gəlib super endirimini təklif edəcək! Tunis doğrudan da maraqlı məkandır.

Tarixi sevirsinizsə Karfagen haqda eşitmiş olarsınız. Roma qədər gözəl olan Karfagen xarabalıqları burdadır – qədim muzey, teatr və digər binalara baş çəkməyiniz məsləhətlidir. Uşaqlar üçün yaradılan ən qədim məhsulun – əmzik (soska) məhz bu ölkədə düzəldilib. Yerli tarix muzeylərində onun bir neçə variantına baxa bilərsiniz.

Dəniz və çimərliklər isə sözsüz ki, ayrıca turizm növüdür. Qumsallıqları parıldayan və təmiz otellər saysız hesabsızdır. Amma mən daha çox aktiv turizmə üstünlük verdiyim üçün onlara baş çəkmədim. Eyni zamanda belə yerlər haqda yalnız müsbət sözlər eşitdim.

Liviya ilə sərhəddən başqa bütün istiqamətlərə hərəkət edə bilərsiniz.

Davamı olacaq…

 

Qeyd: Fotolar müəllifə aid deyildir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir