“Regional mədəniyyət və turizm idarələrinin yaradılması müsbət nəticələr verib. Bu idarəetmə işin düzgün təşkil edilməsi, lazımsız xərclərin azaldılması, yerli orqanların işinin daha fəal qurulmasına şərait yaradıb”.
Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 15-də Sabirabad şəhər Heydər Əliyev Mərkəzində “Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı”nın təqdimat mərasimində çıxışı zamanı deyib.
Qeyd edək ki, sözügedən idarəetmə planı Azərbaycan, İtaliya və Avropa İttifaqının (Aİ) birgə Tvinninq layihəsi çərçivəsində hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Ramil Abbəkirov tədbirdə çıxış edərək idarəetmə planı haqqında məlumat verib. Qeyd edib ki, layihə Azərbaycan dilinə tərcümə edilərək gələn ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.
Rezident Tvinninq müşaviri, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndəsi Alessandro Bianki layihənin Azərbaycan üçün faydalı olduğunu deyib: “Bu plan regional idarələrin daha funksional çalışmasına şərait yaradacaq. Layihənin ilk hissəsinin sonuna yaxınlaşırıq. Bu, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə keçirilən pilot layihədir. Planda bir regionun fərqli xüsusiyyətlərinin və potensialının qiymətləndirməsini apararaq inkişafını təmin etmək kimi məsələlər nəzərdə tutulur. Regionun hərtərəfli inkişafı üçün bölgənin bütün potensialından istifadə olunması vacib şərtdir”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət sektorunun idarə olunmasında layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir.
Nazir vurğulayıb ki, yerlərdə mədəniyyət və turizm sahəsində çalışan işçilər yeniliklərə hazır olmalı, müasir innovasiyaları mənimsəməli və tətbiqi işini sürətləndirməlidir.
Əbülfəs Qarayev layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.
Şərhlər
şərhlər