TravelNews.Az

“Təbriz-2018” tədbirlərində ən çox Azərbaycanın aktivliyini istəyirik”

“Təbrizin 2018-ci ildə islam dünyasının turizm paytaxtı elan olunması Azərbaycan və İran arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək və iki ölkə arasında gediş-gəlişi çoxaltmaq üçün yaxşı fürsətdir”. 

TravelNews.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısının müavini Rəhim Şöhrətifər Azərbaycanın Təbrizdəki baş konsulu Əliənnağı Hüseynovla görüşündə deyib.

R. Şöhrətifər bildirib ki, Bakı şəhəri 2019-cu ildə İslam ölkələrinin turizm paytaxtı seçilib,  Təbrizin 2018-ci ildəki təcrübəsi bu sahədə faydalı ola bilər: “Azərbaycan Respublikası və Təbriz əhalisi müştərək dil, din və mədəniyyətə sahibdir və tarix boyu bir-birinin yanında yaşayıb. “Təbriz-2018” tədbirlərində ən çox bizə oxşarlığı və yaxınlığı ilə bilinən qonşu ölkəmiz Azərbaycanın aktivliyini istəyirik”.

R. Şöhrətifər Azərbaycan KİV nümayəndələrinin Təbrizdə keçiriləcək tədbirlərdə fəal iştirak edərək bu barədə Azərbaycan vətəndaşlarına məlumatlar çatdırmasını istəyib. O deyib ki, tədbirlərdən biri də Nizami Gəncəvi Elmi Konqresidir: “Təbriz və Gəncənin  tarixi və mədəni oxşarlığı bu konqresin daha yaxşı keçirilməsinə təsir edə bilər”.

Azərbaycanın Təbrizdəki baş konsulu Əliənnağı Hüseynov Azərbaycanın “Təbriz-2018” tədbirləri ilə bağlı hər cür əməkdaşlığa hazır olduğunu söyləyib: “Naxçıvan şəhəri də 2018-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı kimi seçilib. Biz bu il də yaxşı əməkdaşlıq edə bilərik”.

Görüşdə Təbriz-Bakı aviareysinin bərpası və Azərbaycan vətəndaşlarının Təbriz xəstəxanalarına müraciətinin asanlaşdırılması haqqında da fikir mübadiləsi aparılıb.

Şərhlər

şərhlər