Azərbaycan və Tayland arasında Bakı-Banqkok müntəzəm aviareysinin açılması texniki səbəblərə görə növbəti mövsümədək təxirə salınıb.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təyyarələrin sayının azlığı və uçuşların digər Asiya ölkələrinə davam etdirilməsi üçün icazələrin hələ ki alınmaması səbəbindən Bakı-Banqkok aviareysinin həyata keçirilməsi təxirə salınıb. “Azərbaycan Hava Yolları”nın tərkibində yaradılan “Buta Airways” aşağıbüdcəli aviaşirkətinə 5 “Embraer” təyyarəsinin verilməsini nəzərə alaraq, aviaşirkətin azalan donanması cari cədvəl üzrə daha prioritet istiqamətlərə yönəldiləcək.
Həmçinin qeyd edilib ki, Azərbaycan və Tayland arasında reysin açılması məsələsi gündəmdədir. Donanmaya yeni müasir “Boeing 737 MAX” təyyarələri və 4 ədəd “Boeing 787 Dreamliner” təyyarəsinin əlavə edilməsi ilə sözügedən reysin açılması məsələsi mütləq gündəmə gələcək.
Qeyd edək ki, Bakı-Banqkok aviareysinin 2017-ci il oktyabrın 29-dan fəaliyyətə başlaması nəzərdə tutulmuşdu.
Şərhlər
şərhlər