Bir çox dünya ölkələrində, eyni zamanda qardaş Türkiyədə turizm (səyahət) jurnalistikasına maraq böyükdür. Belə ölkələrdə səyahət yazarları və jurnalistləri federasiyaları, assosiasiyaları, təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların həm yerli, həm də xarici minlərlə üzvü var. Onların bəzilərinə qeydiyyat ödənişlidir. Bu sahəyə göstərilən böyük marağın arxasında isə reklamdan gələn gəlirlər dayanır. Turizm sahəsinə aid olan bütün şirkətlər – agentliklər, otellər, turizm kompleksləri və s. turizm üzrə ixtisaslaşmış KİV-lərdə öz məlumatlarını yayımlamaqda hər zaman maraqlı olurlar. Bu həm də ondan irəli gəlir ki, həmin ölkələrdə nəinki bu sahənin insanları daxilində, eləcə də cəmiyyət arasında belə xəbərlərə təlabat var.
Hətta belə ölkələrdə bir çox jurnalistlər “freelancer” yəni sərbəst fəaliyyət göstərməyə üstünlük verir. Bunun nəticəsində onlar bir neçə KİV orqanı ilə işləyib, gəlirlərini artıra bilirlər. Bundan başqa bu sahə üzrə ixtisaslaşmış jurnalistlərin bir çoxu beynəlxalq təşkilatlara – FİJET, ITWPA və s. üzv olaraq həmkarları ilə fikir mübadiləsi aparmağa, özlərini inkişaf etdirməyə çalışırlar. Belə təşkilatların üzvləri dünyanın bir çox yerində keçirilən tədbirlərdə görüşür, eyni zamanda öz ölkələrinin turizm potensialı barədə digərlərinə məlumatlar verirlər.
Bu mənada Azərbaycan haqqında nə demək olar?
Azərbaycan turizmi keçən illərə nisbətən sürətlə irəliləyir. Yeni otellər, agentliklər, komplekslər və bu sahəylə əlaqədar bir çox şirkətlər fəaliyyətə başlayır. Turizm və Media necə, bir-birini tamamlaya bilirmi?
Ondan başlayım ki, Azərbaycan universitetlərinin heç birində bu sahədə (Turizm jurnalistikası) ixtisaslaşmış dərslər keçirlmir. Ona görə də, həm jurnalistika fakültəsinin tələbələri, həm də turizm üzrə ixtisaslaşmış fakültələrdə oxuyan tələbələrin bir-birindən, dərslərdən xəbərləri yoxdur. Demək ki, bu sahədə yalnız özümüz-özümüzü ixtisaslaşdıra bilərik. Belə olan halda ya gərək ayrı-ayrılıqda hər iki ixtisasa uyğun təhsil alaq, ya da ixtisasın birini nəzəriyyədə, digərini isə təcrübədə öyrənək. Bu məsələnin həlli yolunu digər bir sahə üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tapdılar. Akademiyada “İdman Jurnalistikası” üzrə ixtisas yaradıldı və fəaliyyət göstərir. Fikrimcə,turizm jurnalistikasını da belə ixtisaslaşdırıb fakültə halına gətirmək mümkündür.
Bu sahə üzrə ixtisaslaşmış insanlar hardan iş tapacaq?
Azərbaycanda turizm jurnalistikası üzrə ixtisaslaşmış saytlar, jurnallar və qəzetlər çox azdır. Televiziya kanallarında və radiodan danışmağa dəyməz. Nəzərə alsaq ki, bir çox digər KİV-lərin həm də turizm bölməsi var, eyni zamanda bu sahədə ixtisaslaşmış jurnalistlər çox azdır, effektivaxtarışdan sonra iş tapmaq olar. Hətta bu sahəni dərindən öyrənmiş tələbələr gələcəkdə turizmlə bağlı yeni sayt, qəzet, jurnal, televiziya və s. yarada bilərlər
Növbədə isə yeni suallar dayanır:
– Azərbaycan cəmiyyəti turizm xəbərləri, səyahət məlumatları və s. oxumağa nə qədər
maraqlıdır?
– Bu KİV-lər yalnız bu sahənin insanları üçün olmalıdır?
– Oxunma sayı az olanda hansı şirkətlər ixtisaslaşmış KİV-lərə reklam vermək istəyəcək?
– Ümumiyyətlə, şirkətlər belə saytlarda reklam verməyə maraqlıdılarmı?
Bu sualların cavabını növbəti yazılarda tapmağa çalışacağam.
Şərhlər
şərhlər