TravelNews.Az

“Quba Rixos” rebrendinq etdi – YENİ AD

“Quba Rixos” oteli rebrendinq edib.

TravelNews.Az xəbər verir ki, 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə öz qonaqlarını qəbul edəcək.

Hazırda Azərbaycanda otel menecmentliyi sahəsində ən peşəkar kadrları öz ətrafında cəmləşdirən “Quba Palace” eyni komanda ilə yeni brend altında fəaliyyətini davam etdirəcək.

Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, Azərbaycanın regionlarında ən böyük və ən populyar otel olmaqla “Quba Palace” yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.

Otel rəhbərliyi Rixos brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, Rixos brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” oteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaqlar.

“Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq”, – deyə Kənan Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” otel kompleksi 2013-cü ildə istifadəyə verilib. Quba rayonunun Əski İqrığ kəndində yerləşən kompleks yeddimərtəbəli əsas binadan, 26 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 127 hektar ərazini əhatə edir. Ərazidə ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar da mövcuddur.

 

Şərhlər

şərhlər