Son illər Azərbaycanın turizm sektorunda böyük canlanma müşahidə olunur. Ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Misirli turistlərin ölkəmizə gəlişini daha da asanlaşdırmaq məqsədilə “Zakher Travel” turizm şirkəti tərəfindən bu ilin avqustundan etibarən Misir Ərəb Respublikasının paytaxtı Qahirədən Qəbələ və Bakı istiqamətlərində birbaşa çarter reyslərinin həyata keçirilməsinə başlanılıb. İlk çarter reysi avqustun 7-də Qəbələ Beynəlxalq Hava Limanına reallaşıb. Təyyarədən enən 63 misirli turisti şirkətin nümayəndələri səmimiyyətlə qarşılayıblar. Turistlər üç gün Qəbələdə qaldıqdan sonra Bakıya yola düşəcəklər.
TravelNews AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Cəfər Qarayev bildirib ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur. Turistlər üç gün Qəbələdə, dörd gün isə Bakıda 4 və 5 ulduzlu otellərdə yerləşəcəklər.
Turizm şirkətinin rəhbərinin sözlərinə görə, ilk çarter reysinin Qəbələyə reallaşması heç də təsadüfi deyil. Son illər Qəbələdə müasir standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər görülüb. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir.
Cəfər Qarayev bildirib ki, bundan sonrakı uçuşlar Bakı şəhərinə olacaq. Sonuncu reyslə Bakıya gələn misirli turistlər öz ölkələrinə Qəbələ Beynəlxalq Hava Limanından qayıdacaqlar. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.
Şərhlər
şərhlər