TravelNews.Az

Bir zamanlar həbsxana, indi isə turistik mərkəz

Dünya üzərində hələ də tam olaraq tanıdılmayan əfsanəvi gözəlliklər var. Bunlardan biri də Pernambuku ştatında yerləşən Fernandu-di-Noronya arxipelağıdır. Maraqlı tarixi, rəsm sənətini xatırladan mənzərəsi indiki dövrdə bu ərazini turizm məkanlardan biri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur. Peyzajvari görünüşə malik olan bu ada hələ də əksər insanın zehnində ucqar bir diyar və bir həbsxana olaraq yer almışdır. Adanın tarixinə nəzər salsaq insanların nə üçün bu cür düşündüyü anlaya bilərik.

Bir vaxtlar Braziliyanın ən təhlükəli cinayətkarlarının tutulması üçün həbsxana kimi nəzərdə tutulmuş bu ada hazırda zümrüd suyu, vəhşi təbiəti və ağ qumlu çimərlikləri ilə məşhurdur. Brazilyadan 350 km şimal-şərqdə yerləşən Fernandu-di-Noronya arxipelağının 21 adasının təxminən 75 %-i 1988-ci ildə milli dəniz parkı və qoruq kimi elan edildi və bu mühafizəni təmin etməkdən ötrü gündə yalnız 420 ziyarətçinin buraya gəlməsinə icazə verildi. Hazırda bu vulkanik mənşəli adalardan ibarət olan arxipelağa turistlərin axını çox olsa da, əvvəllər bu belə deyildi. Bu əsasda arxipelağın digər adaların adlarını misal olaraq, Rata, San-Joze, Şopo-du-Nordeste, Trista-Reis, Rasa, Şopo-du-Sueste, Lusena, Kuskuz, Kаbеludа və s. göstərmək olar.

XVIII-XX əsrlərdə əsas ada Braziliyanın ən qorxulu məhkumlarının həbsi üçün istifadə edilmişdi. 28,5 kvadrat kilometrlik bir vulkanik qaya parçasından və 20 kiçik adadan ibarət olan bu arxipelaq ilk dəfə XVI əsrin əvvəllərində Fernandu-di-Noronya adlı bir portuqaliyalı dənizçisi tərəfindən kəşf edilmişdir. Əsas adası 1700-cü illərdə həbsxana kimi fəaliyyət göstərənə qədər həm Hollandiya, həm də Portuqaliyanın silahlı qüvvələri tərəfindən istifadə edilmişdi. Həbsxana 1957-ci ildə bağlandı, buna rəğmən bəzi məhkumlar buranı tərk etmədilər və bu ərazini özlərinə bir sığınacaq yeri hesab etdilər. Hətta bu gün də ziyarətçilər bölgədə həbsxananın müəyyən qalıqlarına rast gələ bilərlər. Fernandu-di-Noronya keçmişdə olduğu qədər olmasa da, hələ də cəmiyyət daxilində təcrid olunmuş bir yer kimi hesab edilir. Bununla belə, Noronya YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş və Cənubi Amerikanın ən yaxşı dayvinq və serfinq kimi su idman növlərinin başlıca məkanı sayılır. Ada xərçəng, tısbağa, tropik balıq və delfinlərin çoxluq təşkil etdiyi ilıq zümrüd suyu ilə əhatələnib. Haqlı olaraq, cənnəti xatırladan bu möhtəşəmliyi Braziliya müəllifi Qastao Penalva tərəfindən “Fora do mundo” və ya “bu dünyadan kənar” olaraq adlandırılmışdı.

Müasir dövrümüzdə də Atlantik okeanın bu gözoxşayan adası turistlərin çoxluq təşkil etdiyi yerlərdən biri halına gəlmişdir. Onlar burada su idman növləri ilə məşğul olmaqla yanaş,, adanın təravətli havasında gəzintiyə çıxa bilər, günəşin dəniz suyaları ilə əsrarəngiz vəhdətinin seyrindən həzz ala bilərlər. Əbəs yerə deyildir ki, Fernandu-di-Noronya arxipelağında qalan insanlar buranı cənnətin bir güşəsi olaraq təsvir edir.

Gülnar Fərruxqızı

Mənbə: http://www.bbc.com/travel/story/20191107-brazils-prison-island-turned-paradise

Şərhlər

şərhlər