2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb.
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qaytarılan şəxslərin böyük əksəriyyəti Almaniyada olan azərbaycanlılar olub.
V.Hüseynov qeyd edib ki, readmissiya olan şəxslər, həmçinin Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrindən reallaşıb:
“Bu günə olan məlumata əsasən, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub və onlar müsbət cavablandırılıb. Lakin geri qaytarılması reallaşmayıb. Ancaq onların da geri qaytarılması gözlənilir. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə DMX-də faəliyyət göstərən İnteqrasiya İşçi Qrupu tərəfindən 57-58 şəxsin ehtiyaclarını həyata keçirmişik”.
Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş (28 fevral 2014-cü il tarixində Brüssel şəhərində imzalanıb, 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib.
Trend.az
Şərhlər
şərhlər