TravelNews.Az

Koronavirusa görə turizm sektoruna dəstəklə bağlı təkliflərin siyahısı genişləndirilib

Koronavirus pandemiyasının sahibkarlığa, xüsusilə də kiçik və orta biznes subyektlərinə vurduğu neqativ təsirləri minimuma endirmək məqsədi ilə dövlət, ictimai qurumlar və özəl sektor nümayəndələri arasında artıq bir sıra real və virtual görüşlər keçirilib, fikir mübadiləsi və müzakirələr aparılıb.

Bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, turizm və qonaqpərvərlik sənayesində çalışan bütün qabaqcıl şirkətlər və sahibkarlar, assosiasiyalar və ictimai birliklər, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti və digər qurumların nümayəndələrinin iştirakı ilə birgə və ayrı-ayrılıqda keçirilən müzakirələrdə mövcud olan neqativ təsirlər və onları minimuma endirmək yolları geniş şəkildə açıqlanıb.

O qeyd edib ki, aparılan təhlillər və özəl sektoru, o cümlədən turizm və qonaqpərvərlik sahələrində çalışan vətəndaşları, dəstəkləyən tədbirlərin realizə edilməsi mümkünlüyünün müzakirələri nəticəsində əldə edilmiş məlumatlara və təcrübələrə istinadən onları aşağıdakı kimi göstərmək olar:

-Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əmək haqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsi, o cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması;

-Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmiş şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

-Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV odənilməsinin müvəqqəti olaraq dayandırılması;

-Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin kommunal, rabitə və internet xərclərinin odənilməsinin müvəqqəti olaraq dayandırılması; o cümlədən dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi;

-Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması;

-Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması;

-Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar, eyni zamanda “startup” lar üçün zaminsiz və aşağı faizlə biznes kreditlərin təklif edilməsi;

-Gələcəkdə böhranların neqativ təsirlərindən sığortalanmaq (“maliyyə təhlükəsizliyi yastığı”), o cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondunun yaradılması;

-Gələcəkdə sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması, nəğsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi, ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümü çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşaqı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi.

-Dövlət qurumları ilə aparılan müzakirələr zamanı söylənmiş fikirlər və son günlərdə KİV vasitəsilə yayılan xəbərlər onu göstərir ki, koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar içtimaiyyət üçün açıqlanacaqlar.

Koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq.

Report

Şərhlər

şərhlər