TravelNews.Az

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin etmək məqsədilə hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN – Sanitation and hygiene methods and norms) gələcəkdə turistlərə xidmət göstərən digər subyektlərə şamil olunacağı da gözlənilir.

Bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bu proqram hazırda turizm fəaliyyəti ilə məşğul olan beş subyektə – yerləşdirmə vasitələri, turistlərə xidmət göstərən iaşə obyektləri, turistlərə xidmət göstərən nəqliyyat növləri, bələdçilər və Dövlət Turizm Agentliyinin nəzdində olan 7 qoruğa şamil edilir.

İ.Cavadov əlavə edib ki, gigiyena və sanitariya normaları turizm sektoru üçün ən başlıca kriteriyalardandır:

“Bunu nəzərə alaraq, Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı hazırlanıb. Həmin normalar sırf Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul olunan və tövsiyə edilən gigiyena və sanitariya normaları əsasında tərtib edilib”.

Xatırladaq ki, SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.

Proqram turistləri COVID-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır.

Trend

Şərhlər

şərhlər