Aprelin 6-da Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AİTF) açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AİTF sərgisinin artıq 16 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu vurğulayıb. Qeyd edib ki, hər il bu sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bununla turizm sənayesinin inkişafına diqqət və qayğısını nümayiş etdirir. Nazir bildirib ki, ildən-ilə marağın artdığı bu sərgiyə hər il yeni-yeni iştirakçı ölkələr qatılır: “Bu gün dünyada turizm sənayesi iqtisadiyyatın əsas sahələrindən biri kimi inkişaf etməkdədir. Ölkəmizdə də bu sahədə böyük işlər görülür. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olaraq 2016-cı ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Nazir onu da qeyd edib ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri aparılır: “Bizim Türkiyə, Rusiya, ərəb və Avropa ölkələri üzrə turizm təmsilçiliklərimiz fəaliyyət göstərir. Son illər ərzində Azərbaycana gələn turistlərin sayı da artımaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. Elektron viza sisteminin tətbiqi və “ASAN Viza” (www.evisa.gov.az) portalının istifadəyə verilməsi əhəmiyyətli rola malikdir. İndi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et, e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilirlər. Bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur”.
Əbülfəs Qarayev çıxışının sonunda AİTF sərgisinin işinə uğurlar arzulayıb.
“İTE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu bildirib, sərgi haqqında ətraflı məlumat verib. Edvard Stroonun sözlərinə görə, sərginin iştirakçıları arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, müalicəvi və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
Qeyd edək ki, sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edir. Sərgidə Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın milli stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional stendlər yer alıb.
Çıxışlardan sonra nazir Əbülfəs Qarayev və digər rəsmilər sərginin ekspozisiyası ilə tanış olublar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun, nazirliyin “Mədəniyyət.AZ” jurnalının nümayiş olunduğu stendlərə də baxış keçirilib.
Qeyd edək ki, sərgi aprelin 8-dək davam edəcək. Ekspozisiya sərginin ilk iki günü yalnız peşəkarlar, ayın 8-də eyni zamanda turizm həvəskarları üçün də açıq olacaq.
Şərhlər
şərhlər