TravelNews.Az

Azərbaycan növbəti turizm sərgisində – EMİTT 2018

Yanvarın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi) turizm sərgisi keçiriləcək. 

Ölkəmizi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdən sərgiyə 20-yə yaxın turizm şirkəti və mehmanxana qatılacaq. Respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunacaq. Stendimizdə monitorlar vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmləri göstəriləcək, ziyarətçilərə reklam-çap məhsulları paylanılaraq, ölkəmizin turizm imkanları haqqında ətraflı məlumat veriləcək. Sərgi çərçivəsində işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 1997-ci ildən etibarən hər il keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Bu il 21-ci dəfə təşkil olunacaq sərgidə 80-dən çox ölkənin iştirak edəcəyi gözlənilir.

Şərhlər

şərhlər