“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Gəncə-Qazax regionunda “Tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim keçirilib.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Dünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyası (WFTGA) və Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında hazırlanan təlimlərdə Gəncə-Qazax regionunun gənclərindən ibarət qrup iştirak edib.
İştirakçılara turistlərlə ünsiyyətin qurulması, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübə və digər mövzular üzrə məlumatlar verilib, praktik məşğələlər təşkil olunub.
Şəmkir rayonunun Muxtariyyə kəndində yerləşən antik dövrə aid Şəmkir qalasına, Göygöldə yaşamış sonuncu alman sakini Viktor Klaynın evinə və bölgənin digər tarixi və turizm məkanlarına, sənaye obyektlərinə tematik turlar təşkil olunub. Gənc bələdçilər bu turlarda təlimlər zamanı əldə olunan bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri tərəfindən aparılan təlimin sonunda keçirilən attestasiyaya uyğun olaraq 7 iştirakçıya turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən regional turizmin inkişafı məqsədilə turizm bələdçilərinin hazırlanmasına, ölkəmizdə turizm xidmətinin inkişafına dəstək olaraq həyata keçirilir.
RİİB turizm bələdçiləri üçün bu cür təlimləri 2016-2017-ci illərdə İsmayıllı rayonunda, eləcə də Quba-Xaçmaz, Şəki-Zaqatala regionlarında da təşkil edib. Layihənin digər bölgələrdə davam etdirilməsi nəzərdə tutulur.
Şərhlər
şərhlər