Həm teatr işçilərinin əməkhaqları, həm də teatrların statusu artırılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq – Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz. Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram.
Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır”.
Prezident İlham Əliyev Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində heç bir problem görmədiyini bildirib: “Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq. Mən dedim ki, teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır. Siz qeyd etdiniz ki, 11 il keçməsinə baxmayaraq, sanki bu, lap yaxınlarda olub. Yəqin ki, təmirə ehtiyac var. Əgər zərurət yaranarsa, deyərsiniz. Prinsipcə, bizim teatrlarımızda təmir işləri artıq on il bundan əvvəl görülmüşdü. Əgər təmirə ehtiyac varsa, mənə məlumat verin, biz bu məsələni həll edə bilək”.
Mənbə: Milli.az
Şərhlər
şərhlər