TravelNews.Az

18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

 

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.

AITF sərgisi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Həmçinin sərgini dəstəkləyirlər: Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi. Sərgi BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

 

Açılış mərasimində çıxış edən sərginin regional direktoru Edvard Stroon bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir. Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları “HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər. Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm – MICE sənayesinin inkişafına yönəldəcək. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunur. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim edilir.

 

Şərhlər

şərhlər