TravelNews.Az

“Bölgələrdən bölgələrə”

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.

TravelNews Trend-ə istinadən bildirir ki, bayram tədbiri Balakən şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın rəsmi qonaqlarını Balakəndə yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.

Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə daxil olan rayonların təmsilçiləri sərgidə daha geniş ekspozisiya ilə təmsil olunublar. Bu da təsadüfi deyil. Şəki tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etmiş ərazilərdən biri olub. Şəkili sənətkarların hazırladıqları şəbəkə, təkəlduz nümunələri, bədii tikmələr, ağac üzərində oyma işləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Yaradıcılıq festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Gəncədən başladığımız festival iki aydır davam edir. Çox möhtəşəm bir tədbirdir. Festivalın ən böyük əhəmiyyəti odur ki, bu tədbir vasitəsilə biz ölkəmizin tarixini, xalqımızın zəngin mədəni irsini, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi təqdim və təbliğ edirik”.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Günaydın Əhədova da festivalın əhəmiyyətini yüksək qiymətləndirib: “Yaradıcılıq festivalının, demək olar, bütün tədbirlərində iştirak etmişəm. Bu festival insanları bir-birinə daha da yaxınlaşdırır. Festival bölgələr arasında mədəni əlaqələrin genişləndirilməsi, sənət mübadiləsi, həmçinin bədii özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Şərhlər

şərhlər