Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
AZƏRTAC xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu. Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxdı.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılandı.
Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi oldu.
Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi oldu.
Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra “Arsenal” və “Çelsi” komandalarının futbolçuları meydana çıxdılar.
İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşmasının birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmadı. İkinci hissəyə “Çelsi” daha fəal başladı. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirdi. Qarşılaşmanın 60-cı dəqiqəsində “Çelsi” hesabda üstünlüyünü artırdı. Budəfəki qolun müəllifi Pedro Rozdrigez oldu. Beş dəqiqə sonra “Arsenal”ın qapısına penalti təyin edildi. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırdı. “Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla “Çelsi” fərqi üç topa çıxardı: 4:1.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma elə bu hesabla da başa çatdı.
Bununla da “Çelsi” komandası UEFA Avropa Liqasının 2018-2019-cu illər mövsümünün qalibi oldu.
Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirildi.
Qeyd edək ki, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar 2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Bu qərar ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumlarının verdiyi yüksək qiymətin göstəricisidir.
Şərhlər
şərhlər