Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz Festivalı keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında verilən məlumata görə, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.
Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim olunur. Konsertin proqramı hər gün yenilənir.
Sənətkarlar öz əl işlərini təqdim edirlər, kulinarlar qonaqlar üçün milli mətbəxin nümunələrini hazırlayırlar. Festivalda həmçinin pəhləvanlar, akrobatlar öz bacarıqlarını nümayiş etdirir.Bundan əlavə, tamaşaçıların diqqətinə atlıların çıxışları, o cümlədən dünyaca məşhur Qarabağ atı təqdim olunur.
Festivala artıq əksəriyyəti İran, Fars körfəzi, MDB, Avropa və Amerika ölkələrindən olmaqla minlərlə turist tamaşa edib.
Şərhlər
şərhlər