TravelNews.Az

“Baku Shopping Festival” qayıdır

Bu payız Bakıda keçiriləcək mötəbər tədbirlərin sırasına daha biri əlavə olunur. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan ikinci Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Yerli əhalinin və turistlərin bu festivalda iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq. Vaxtına, puluna qənaət etmək istəyən, eləcə də keyfiyyətə üstünlük verən və zövqünə güvənənlər, bir ay boyunca təqdim ediləcək festival fürsətlərini qaçırmayın!

Dünya ölkələrində alıcılar şopinq festivallarını səbirsizliklə gözləyirlər. Bu cür tədbirlər alıcılara festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Misilsiz Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır.

Alıcılara xüsusi kampaniya və endirim təklifi !

Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

Əvvəlcə alış-veriş et, sonra pulunu geri al !

“Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur.

Əlverişli imkanların ünvanı

Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.

Festivaldan yerli mağazalara müjdə !

Bakı şəhərində yerləşən istənilən mağaza Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar  iştirak üçün müraciət edə bilərlər. Sadələşdirilmiş vergi ödəyiciləri festival iştirakçısı olaraq, ƏDV qaytarılması xaric, festivalın digər imkanlarından yararlana bilərlər. Ənənəvi mərasimə qoşulmağın şərtləri ilə http://bakushopfest.com/merchant-terms/  keçidinə daxil olmaqla tanış ola bilərsiniz.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapmışdır.

İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Şərhlər

şərhlər