Oktyabrın 24-də Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə həyata keçirilən Menecer Təlim Proqramları çərçivəsində Almaniyanın Leipzig şəhərində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən şirkətlərin təmsilçiləri ilə Leipzig Sənaye və Ticarət Palatasının 20-dən artıq rəhbər heyəti və üzvləri ilə biznes görüş və B2B ikitərəfli görüş keçirilib.
TravelNews.Az xəbər verir ki, Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Təmiz şəhər”, “AzMirvari”, “ERA Marketing Center”, “Azersun holding”, “Azinka HR&CC”, “Millennium Tourism Lufthansa City Center ”, “Az granata”, “North West Construction”, “Nur-Qida”, “Azinterpartlayish-x”, “Akkord”, “Baku Business Factory”, “ACT Azerbaijan”, “MhWirth” və “Trast B.V.” KMT kimi şirkətlərin nümayəndələri iştirak ediblər. Öncə ev sahibləri bölgə və palatanın fəaliyyəti haqqında geniş məlumat verib, sonra alman tərəfin iştirakçıları öz təqdimatları ilə çıxış ediblər.
Daha sonra Azərbaycan nümayəndə heyəti Azərbaycanın iqtisadi-mədəni potensialını əks etdirən mükəmməl təqdimatla və iştirakçı şirkətlərin fəaliyyətini əks etdirən məlumatlarla çıxış etmişlər. Sonda “Azerbaijan-Land of Fire” videoçarxı nümayiş olunub.
İşgüzar tədbir ikitərəfli görüşlərlə davam etdirilib. Xatırladaq ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyi Menecer Təlim Proqramı çərçivəsində ölkəmizi təmsil edən 16 şirkətin nümayəndəsi bu ölkədə səfərdədir. Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabət qabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.
Şərhlər
şərhlər