TravelNews.Az

Bakı Şopinq Festivalı 1-31 may tarixlərində keçiriləcək

Bu yazın ən çox gözlənilən tədbiri, şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirməkdə olan Bakı Şopinq Festivalının keçirilməsi 1-31 may tarixinə təyin edilib. 

TravelNews.Az xəbər verir ki, budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.  Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər  qoşulacaqlar.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə,ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün bizə müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq üçün info@bakushopfest.com elektron poçt ünvanı və ya (+99455) 2536327, (+99455) 2536318 telefon  nömrələri ilə əlaqə saxlamaq yetərlidir.

Şərhlər

şərhlər