TravelNews.Az

Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib – FOTOLAR

Martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr olunmuş mətbuat konfransı keçirilib.

Aprelin 10-dan mayın 10-dək ölkəmizdə keçiriləcək Bakı Şopinq Festivalı haqqında məlumat verən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırıb ki, festival dövlət başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Turizm Şurasının ilk layihəsidir. Hər il keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir: “Ticarət festivalı beynəlxalq təcrübəyə əsaslanaraq reallaşacaq. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçiləcək. Bakı Şopinq Festivalı Qafqazda və Orta Asiyada ilk təcrübə kimi tarixə yazılacaq”.

Mətbuat konfransında qeyd olunub ki, festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax-free” sistemindən istifadə edə biləcəklər və bu, dünya təcrübəsində bir ilkdir. Festivala bir çox qonşu ölkələrdən də maraq var. Bu ölkələr sırasında Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Türkiyə və digərlərini göstərmək olar.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə yanaşı Vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da çıxış ebiblər.

Ülviyyə Mirqasımova nəzərə çatdırıb ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytı www.bakushopfest.com Azərbaycan, ərəb, ingilis, rus və fars dillərində fəaliyyət göstərəcək. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq.

Daha sonra nazir Əbülfəs Qarayev jurnalistlərin diqqətinə çatdırıb ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Bildirilib ki, hazırda Azərbaycan ərazisində 254 obyekt “Tax free” sistemi ilə əhatə olunub və Azərbaycanda tətbiq olunan “Tax free” sistemi daha rahat və effektivdir. Festival günlərində “Tax-free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində mallar əldə edən yerli vətəndaşlara tətbiq olunacaq. O da diqqətə çatdırıb ki, festivalda iştirak üçün ödəniləcək minimum məbləğ 1100 manat təşkil edir. Növbəti Bakı Şopinq Festivalı isə oktyabr ayına planlaşdırılır.

Sonda festivalın Təşkilat komitəsinin üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Mətbuat konfransı festivalın yerli televiziya kanalları və xarici dövlətlərdə yayımlanacaq reklam çarxının nümayişi ilə yekunlaşıb.

 

 

Şərhlər

şərhlər