Cümə , Noyabr 22 2024
azenru
Home / Blog / Səyahət zamanı etdiyimiz 10 səhv – ƏLİ ƏKBƏR YAZIR

Səyahət zamanı etdiyimiz 10 səhv – ƏLİ ƏKBƏR YAZIR

«UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ

Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq. Üçüncüsü, məzuniyyət zamanı hansısa iri şəhərdə dincəlmək kimi planımız varsa, niyə gedib it ulayan yerdə oteldə qalaq ki? Mərkəzdə oteldə qalınca sübh tezdən tursitsiz küçələrdən həzz almaq, gecə əylənərkən «Ayt dədə! Hələ otelimə 1 saata gedib çatmağım var» fikirləşib əhvalımıza soğan doğramaya bilərik.

Mən, məsələn, Helsinkidə (Finlandiya)  belə bir səhvə imza atmışdım. Mərkəzdə qiymətlər çox baha olduğundan, güc-bəlayla kənar ərazidə bir otel tapdım. Nəticədə günümün yarısı elə yollara getdi. Qaldığım yerdən mərkəzə ancaq tramvay gedirdi, o da yellənə-yellənə. Taksiyə oturan kimi avtomatik 7 AVRO vurduğunu görəndən sonra ona tövbəli idim.

PULSUZ BƏHRƏLƏNƏ BİLƏCƏYİMİZDƏN VAZ KEÇİB, ÖDƏNİŞLİYƏ ÜSTÜNLÜK VERMƏK

Pullu və bəzən hətta darıxdırıcı ekskursiyalara bədxərclik etməkdənsə, gül kimi FREE WALKING TOURS səhifəsi var. Bu səhifədə o qədər mənim kimi ürəyiaçıq insanlar var ki, sizi getdiyiniz şəhərdə pulsuz-parasız da gəzdirməyə hazırdırlar. Axtarışa verəndə sevə-sevə FREE xanasını seçməyi unutmayın.

Bundan başqa, məşhur COUCHSURFİNG saytı da var. Burda sizə qalmaq üçün havayı ev-eşik verənlərdən savayı, həm də qabağlarına qatıb şəhərdə təmənnasız gəzdirmək həvəsi ilə qəlbləri çırpınanlar da boldur.

Gəzməyə gedəndə apardığınız pulun başına bir gündə daş salıb ac-susuz qalmısızsa, WORKAWAY saytında çoxsaylı iş təkliflərindən də yararlana bilərsiz. Gəlmişkən pul da qazanıb heç olmasa yol pulunu çıxardın.

CAMPİNMYGARDEN saytında öz həyət-bacasından kempinq kimi istifadə etməniz üçün sino gedən ev yiyələrinin elanları olur. Sizdən tələb olunan şey də çadırdır. Şirinlik istəyənləri də olur, amma bu, çox cüzi məbləğdir – bir gecəyə 5 ABŞ dolları filan.

RESTORAİDS saytı isə Rusiyadakı turistlər üçün əsil cənnət guşəsidir. Burada restoranlardan havayı təkliflər təqdim olunur.

Bir çox muzeylərdə pulsuz giriş üçün xüsusi günlər olur. Bundan agah olmaq üçün həmin muzeyin səhifəsinə baş çəkib məlumatlanmağa tənbəllik etməyin.

İspaniyada, məsələn, bəzi barlarda pivəylə verilən haqq-hesablar pulsuz olur. Bəzən bu, canlara dəyən sendviç və ya yetimdoyduran salat da ola bilər.

RƏYLƏRƏ DİQQƏT ETMƏMƏK

Rəylərlə əlüstü tanış olmaq və ya ümumiyyətlə olmamaq – turist üçün bağışlanmaz səhvdir. Otellərlə bağlı rəyləri yenə oxusaq da, muzey, park və sair kimi yerlər üçün yazılan rəyləri çox zaman gözdən qaçırırıq. Və çox da nahaq. Çox vaxt həmin rəylərdə külli miqdarda faydalı məlumatlar və hətta aferistik üsullarla tanış olmaq olar. Məsələn, filan yerə daxil olmaq üçün uzun növbələrdən vaz keçməyə imkan verən 2-ci giriş qapısı və ya daha ucuz bileti necə əldə etmək olar və s.

Restoranlarla bağlı rəylərlə tanış olsaz, məsələn, oradakı yemək-içməyin real vid-fasonlarını da görə bilərsiz. Dadlı olub-olmamağları barədə də.

TRİPADVİSOR saytını hamnız tanıyırsız da? Hələ də tanımayanlar mütləq tanış olsun. Nə haqda desən rəy var orda. Hotelindən, dünyanın axırındakı kiçik mağazasından tutmuş möhtəşəm tarixi abidələrədək.

Ondan sonra, FOURSQUARE. Getdiyiniz yerdə ən gözəgəlimli yerlər, əyləncə, yeyib-içmək məkanları haqqında lazımi məlumatları burda tapa bilərsiz.

YELP də var amma öncəki səhifədən fərqli olaraq, burada ancaq yeyib-içmə yerləridir.

“BİR ANBAR PALTAR GÖTÜRMƏK”

Yola çıxanda əksər adamlar hər geyimdən bir xeylaq götürüb özlərinə yük edirlər. Nəticədə məlum olur ki, götürdüklərinin yarısından heç istifadə də olunmadı. Mən Uqandaya son səfərimdə bir neçə fərqli aviaşirkətlərin təyyarəsi ilə uçurdum. Bu da o dəməkdir ki, yük daşımaqdan, artıq yükə görə ödəniş etməkdən əlavə həm də müxtəlif aviaşirkət olduqları üçün tranzit zamanı bir təyyarədən o birinə keçdiyimizdə baqaja təhvil verdiyimiz yükümüzün daşınmasına əlavə pul da ödəməli olacağıq (əgər bu aviaşirkətlər arasında müvafiq müqavilə yoxdursa). Başladım bir-bir çamadanın içini seyrəldməyə. Ən vacibləri saxladım. Nəticədə sanballı yük baqajım yüngül əl baqajına çevrildi.

Hə, bir də, yadımda ikən deyim. Gedəndə də çalışıram elə şeylər götürüm ki, qayıdanbaş onu atmağa heyfim gəlməsin. Yol çantasında vakant boş yerlər yaransın deyə. Məsələn, içində 5-6 günə ancaq çatan diş pastasını, 9-cu sinifdən geydiyim idman şalvarını, “Sən Allah, məni at getsin!” deyib yalvaran 10 ilin darağını və s.

YALNIZ NAĞD PUL və ya YALNIZ BANK KARTI GÖTÜRMƏK

Heç vaxt bütün məbləği yalnız bir bank kartında saxlamayın. Birincisi, onu itirə bilərsiz. İkincisi, həmin kartla ödəniş zamanı hər hansı problem yarana bilər. Mənim başıma belə hadisə Yaponiyada gəlmişdi. Hər zaman istifadə etdiyim kartı nə bankomat, nə da pos-terminallar qəbul etmirdi. Başqa bir bankın kartıylasa heç bir problem olmadı. Odur ki, minimum 2 müxtəlif bankın kartı olması işinizi xeyli yüngülləşdirər.

Kartdan əlavə həmişə nağd pul da olsun yanınızda. Bəzi ölkələrdə (Yaponiya, Kosta-Rika) valyutadəyişmə məntəqələri və ümumiyyətlə banklar bizim öyrəşdiyimiz kimi tinbaşı olmaya bilər. Buna görə də pulları harada və nə zaman yerli valyutaya dəyişməyiniz barədə məlumatlarla müxtəlif forumlarda tanış olun.

TANIMADIĞINIZ YERLİ İNSANLARLA ÜNSİYYƏTDƏN VAZ KEÇMƏK

Qrup halında harasa səfər edəndə, çox vaxt elə qrupdaxili ünsiyyətlə kifayətlənənlər olur. Digər turistlər və ya yerli əhali ilə söhbətləşməyə ya çəkinirik ya da ümumiyyətlə heç marağında olmuruq. Amma olsaq yaxşıdır. Bir də nə vaxt belə imkan olacaq? Çox vaxt bu ünsiyyət sayəsində də yetərincə maraqlı bilgilərə yiyələnirik. Hər sort insanla tanış olmanız üçün isə hosteldə qalmaq kimi imkandan bəhrələnin.

DAHA ÇOX YER GÖRMƏK HƏVƏSİ

«O qədər pul vermişəm, bu boyda yol gəlmişəm, gərək bacardığım qədər çox yer görüm» deyib mitilimiz çıxanacan özümüzü çöldə-bacada şilküt etməyək. Qaça-qaça o muzey sənin, bu muzey mənim fikrindən vaz keçək. Onsuz da bütün muzeyləri görə bilməyəcəyik. Ən məsləhətdisi gəldiyimiz məkanın ab-havasından həzz alaq, tələsməyək, aramla piyada gəzək.

Ən təəccüblü qərarsa bir gündə iki şəhəri gəzmək istəyidir. Əli aşından da olacaqsız,  Vəli aşından da. Hər şəhərə heç olmasa 2 gün vaxt sərf edin ki, az da olsa onu hiss edə biləsiz.

TURİSTLƏRİN QAYNAŞDIĞI MÖVSÜMDƏ SƏFƏRƏ ÇIXMAQ

Turist axını istənilən istirahətimizin zibilini çıxarıb bizi peşman edə bilər. Ən azından, kilometrlik növbələrlə. Ona görə də səyahəti planşaldıranda çalışın mövsümün sonu da olmasa, heç olmasa digər turistlərin yavaş-yavaş öz ev-eşiklərinə yığışan vaxtı olsun.

ONLAYN BİLETLƏRDƏN VAZ KEÇMƏK

Görməli yerlərə düzülən kilometrlik növbələr bəzən turisti dəhşətə gətirə bilər. Amma onlayn bilet alanlar üçün çox zaman ayrıca giriş və ayrıca növbə olur. Bu barədə də bir öncədən maraqlanın. Gedəcəyiniz muzeyə filana bileti əvvəlcədən internet vasitəsi ilə alın ki, qızıldan qiymətli vaxtınızı növbələrə sərf etməyəsiz.

HƏR TİNBAŞI GÖRDÜYÜMÜZ SUVENİRİ ALMAQ

Mən şəxsən buna səfərin son 1-2 günündə vaxt ayırıram. O vaxta kimi də haradan geniş çeşidli və münasib qiymətli suvenirləri əldə etməyin mümkünlüyü barədə artıq məlumatım olur. Bu cür yer bəlkə də mərkəzdən bir qədər aralı yerləşə bilər (məsələn, bizim Sədərək kimi), amma maliyyə və çeşid baxımından  bir xeylaq qabağa düşmüş olarıq.

Sonda bonus kimi də gedəcəyiniz yerlə bağlı çox da möhtəşəm stereotiplər yaradıb gözləntilərinizi maksimum etməyin. Çünki çox zaman realda vəziyyət gözləntilərinizdəkilərdən pis olmasa da, onlardan fərqli ola bilər. Məndə belə hal Hindistandakı Tac-Mahal və İtaliyadakı Milan operasının binasi ilə (zahiri görünüşü) olmuşdur. Tac-Mahal, məsələn, möhtəşəmdir, sözsüz, amma mənim gözləntilərim daha əzəmətli idi. O əzəməti axtara-axtara da bir də gördüm artıq otelə qayıdıram…

Şəkillər müəllifə aiddir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir