Şənbə , Aprel 27 2024
azenru
Home / Blog / Yaponiyada “Qarlı Festival”- FOTO

Yaponiyada “Qarlı Festival”- FOTO

Yəqin ki, hər kəs qış aylarında ağappaq qarın üstündə gəzişmək yaxud müxtəlif aktivitələrlə vaxtını gözəl keçirmək istəyər. Elə buna görə də, Sapporo şəhərinə nəzər salmaq lazımdır.

Sapporo Yaponiyanın beşinci ən böyük şəhəri, Hokkaydo prefekturasının mərkəzidir. Eyni zamanda, Sapporo ölkənin ən gənc şəhərlərindən biri hesab olunur. Maraqlıdır ki, 1857-ci ildə şəhərin əhalisinin sayı cəmi-cümlətanı yeddi nəfərdən ibarət olmuşdur.

Belə ki, meydzi dövrünün başlanğıcında Hokkaydo prefekturasında hərtərəfli inkişaf getməyə başlamışdır. Sapporo da adanın inzibati mərkəzi seçilmiş və xarici mütəxəssislərin tövsiyyələrinə əsasən şəhər daha da genişləndirilmişdi. Nəticə etibarilə, Sapporo düzbucaqlı küçə sisteminə əsaslanaraq, Şimali Amerika üslubunda inşa edilmiş bir şəhərdir.

1972-ci ildə Qış Olimpiya Oyunlarının Sapporo şəhərində keçirilməsi ilə şəhər dünya miqyasında tanınmağa başladı. Hazırda şəhər “ramen” adlı yeməyinə, pivə içkisinə və fevral ayında mütəmadi olaraq keçirilən qar festivalına ev sahibliyi etdiyinə görə yer üzündə məşhurluq əldə edib.

Sapporo Qar Festivalı ilk olaraq 1950-ci ildə baş tutmuşdur. Bu festivalın başlanğıc hekayəsi bir neçə üniversitet tələbəsinin adı ilə bağlıdır. Belə ki, tələbələr Odori Parkında qardan bir neçə heykəl düzəldiblər. Geniş kütlənin bu heykəllərlə maraqlanması bu fəaliyyətə bir çox tədbirin əlavə edilərək bir festival halına salınması ilə nəticələnir. Festival Yaponiya da daxil olmaqla, dünyanın müxtəlif bölgələrindən gələn iki milyondan çox ziyarətçinin diqqətini cəlb edib.

Müasir dövrümüzdə Sapporo Qar Festivalı fevral ayında bir həftə ərzində keçirilir və bu festival Yaponiyanın ən populyar qış tədbirlərindən biri hesab olunur. Qar festivalı şəhərin üç bölgəsində baş tutur: Odori, Susukino və Tsu Dome.

Festival üçün başlıca bölgə Odori bölgəsidir. Burada eni 25 metrdən çox və hündürlüyü 15 metr olan böyük ölçülü heykəllər sərgilənir. Sərgi festival boyunca hər gün 22:00-a qədər davam edir. Odoridə böyük həcmli qar heykəlləri ilə yanaşı, yüzdən çox kiçik qar heykəlləri də sərgilənir və festival ərəfəsində keçirilən konsert və digər tədbirlərin əksəriyyətində bu heykəllərdən istifadə olunur. Odorinin bu füsunkar mənzərəsinə Odori Parkının şərq hissəsindəki Sapporo TV qülləsindən də izləmək mümkündür. Qüllə festival zamanı saatlarla (8:30 – 22:30) ziyarətçilərin üzünə açıq olur.

Susukino Sapporonun ən böyük əyləncə bölgəsi sayılır və burada festival zamanı yüzə yaxın buz heykəli nümayiş edilir. Susukino Odori Parkının cənubunda yerləşir. Buz heykəllər hər gün 23:00-a qədər (festivalın son günündə 22:00-a qədər) sərgilənir.

Tsu Dome bölgəsi isə üç növ qar sürüşməsi, qar üstündə raftinq kimi əyləncələri və daha çox qar heykəllərindən ibarət olan festivalın bir hissəsidir ki, bura məhz ailə üçün nəzərdə tutulur. Qübbənin altında yemək stendləri və tədbirlər üçün bir səhnə var. Tsu Dome hər gün 9:00-dan 17:00-a qədər açıqdır. Odori və Susukino Sapporonun mərkəzində yerləşsə də, Tsu Dome şəhər mərkəzindən bir qədər aralıdadır. Bu görə də, turistlər buraya gələrkən avtobus və metro kimi nəqliyyat vasitələrinin istifadəsinə üstünlük versələr daha yaxşı olar.

Belə ki, Sapporo Qar Festivalı insanlara inanılmaz qarlı mənzərə bəxş edir və insanların asudə vaxtlarının səmərəli surətdə keçirməsini təmin edir.

Mənbə: https://www.japan-guide.com/e/e2163.html

Gulnar Nazarova

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir