Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Blog / Amerikaya ucuz getməyin yolları – AZƏR İSMAYIL YAZIR…

Amerikaya ucuz getməyin yolları – AZƏR İSMAYIL YAZIR…

Nyu York gedə biləcəyiniz ən uzunmüddətli uçuşlardan biridir və 12 saatdan 20 saata kimi çəkə bilər. Bəzi şəxslər komfortlu, digərləri isə daha ucuz uçmaq istəyirlər. Bakıdan Nyu Yorka uçmağın çoxlu variantları var. Hamısını bir-bir incələyəcəm. Dərhal deyim ki, Tiflisdən və Kutaisidən uçmaq ucuz deyil.

Axtarışım aprelin sonu, mayın əvvəli aralığını əhatə edirdi. “Uzağa getməyək, götürək elə Yaponiyanı” prinsipinə əməl edərək birinci AZAL-dan başladım. Qiymət hardasa 1040 AZN (610 USD) idi. Uçuş birbaşadır və təxmini 12 saat çəkir. Təyyarə yeni Boeing 787 Dreamliner , qidalanma, multimedia var, əl baqajı və iki ədəd 23 kq baqaj da daxildir. Daha sonra sevimli Türk Hava Yollarının qiymətlərini yoxladım. 1100-1200 AZN (650-710 USD) arasında dəyişirdi qiymət. Ən qısa uçuş 16 saat çəkir.

Burda da 23 kq baqaj, yeni təyyarə, bir neçə dəfə qidalanma daxil idi. Premium xidmət səviyyəsi ilə seçilən Qatar Airways-in biletinin qiyməti 1100 AZN (650 USD) idi. Amma uçuş müddəti 19 saatdan başlayır. Çünki tranzit kimi Dohaya, Dohadan da yenə Bakı üzərindən Nyu Yorka uçursunuz. Burda da iki ədəd 23 kq baqaj, qidalanma və digər xidmətlər daxil idi.

Almaniyanın milli daşıyıcısı olan Lufthansanın  qiyməti təxmini 1050 AZN idi (620 USD). Bəzi uçuşları United Airlines ilə müştərək olduğu üçün Frankfurtdan United ilə də uça bilərsiniz. Bu zaman Kennedi aeroportuna yox, Newark aeroportuna düşəcəksiniz. Amma United-in təyyarələri bir qədər köhnə və multimediasız olur. Ən ucuz qiymətə olan biletə yalnız bir 23 kq-lıq baqaj daxil idi.

Qidalanma və s. xidmətlər digər aviaşirkətdə olduğu kimidir. Ukrayna Beynəlxalq Hava Yolları (UIA) ilə 900-1000 manata (530-600 USD) Nyu Yorka biletlər tapmaq mümkündür. Amma təyyarələr çox köhnədir, 23-28 yaş arası dəyişir. Düzdür, bu təhlükəli olmağı demək deyil, amma multimedia sistemi yoxdur və salonda səs küy çox olur. Bu isə uçuşun narahat keçəcəyi deməkdir. Təsəvvür edin, 16-17 saat uçursunuz, narahat, yuxulu çatırsınız, özünüzə gəlmək üçün bir iki gün lazım olur. Gəzmək məqsədi ilə gedəndə belə şeylərə fikir vermək lazımdır. Aeroflotla uçmaq 1200-1300 (700-760 USD) manata başa gəlir bu qiymətə də bir 23 kq baqaj və digər xidmətlər daxildir, uçuş tranzitlə birlikdə 14 saat çəkir. Amma son zamanlar.

Aeroflotun təyyarələrinə J.F. Kennedy aeroportunda çətinliklər yaradılması haqqında bəzi xəbərlər yayılmışdı, çətinliklərə uçuşa icazənin gecikdirilməsi, baqajların zədələnməsi və s. kimi hallar daxildir. Bu çətinliklərə baxmayaraq göstərilən xidmət haqqında şikayət yoxdur. FlyDubai+Emirates ilə də uçmaq mümkündür, amma bu biletlər hardasa 800-900 USD arası dəyişir.

Qənaəti sevən səyahətçi kimi, 900-1200 manata bilet almaq mənə əlbəttə ki, çox gəlirdi, qərara aldım ki, İstanbul və Moskvadan da qiymətləri yoxlayım. Araşdırmalarıma görə Moskvadan FinnAirlə Helsinkidə tranzit etməklə 350 dollara uçmaq olar. Amma Moskvaya getmək, aeroport dəyişmək də əlavə xərclər deməkdir. İstanbuldan isə ən ucuz KLM şirkəti ilə uçmaq mümkündür. Öncədən alınanda 350-400 dollara tapmaq mümkündür. Üstünlük odur ki, KLM ilə başqa şəhərdən də qayıdış edəndə qiymətdə cüzi fərq olur. Amma bu variant da sərfəli olmadı, çünki İstanbula getmək üçün də əlavə vəsait lazımdır.

Mövzu ilə bağlı rəy bildirən dostların hardasa 41 nəfəri AZAL ilə Nyu Yorka uçmuşdular, əsasən razılıq edirdilər, amma bəziləri bir neçə dəfə uçduqları üçün öncəki illərdə xidmətin daha yaxşı olduğunu deyirdilər. On səkkiz nəfər Qatar Airwaysla uçub, xidmət və keyfiyyətdən razıdır, amma uçuşun müddətinin çox olmadı bəzi dostların ürəyincə olmayıb. Türk Hava Yolları ilə uçanlar da əsasən razıdırlar, amma son zamanlar Atatürk aeroportunda sorğu sualın çox olduğundan narazıdırlar. Ən çox narazılıq Ukrayna Beynəlxalq Hava Yollarındandır (UIA). Yuxarıda qeyd etdiyim köhnə təyyarə və səsküylü salon buna səbəb olur. Çalışın ki, Nyu Yorka səhər saatlarında enəsiniz. Sonrakı vaxtlarda pasport yoxlanışında növbə çox olur, bəzən 2-3 saat çəkə bilir. Uzun uçuşdan sonra bu heç arzuedilən deyil.

Qiymətlərin aşağı yuxarı eyni olması seçimi bir qədər çətinləşdirir. Mənim seçimim AZAL oldu. Əsas səbəb birbaşa uçuş, gecikmənin nadir hallarda olması, yeni təyyarə, iki ədəd 23 kq baqaj, multimedia sisteminin mövcudluğu, milli style qidalanma  və Nyu Yorka enmə vaxtıdır. Səhər saatlarında endiyi 1-ci terminalda pasport yoxlama növbəsi qısa və tez olur. Uçuşdan sonra sizinlə təcrübəmi bölüşəcəm.

Daha çox yazıları Azər İsmayılın bloqundan da oxumaq mümkündür.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir