Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.
Hazırda yolboyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kvadratmetrdən çox ərazidə aparılması nəzərdə tutulub.
Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burada müxtəlif təyinatlı mühəndis qurğuların inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluğu 400 poqonmetr olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 kilometr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.
Layihə üzrə yolboyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.
Tikinti işləri çərçivəsində, sonuncu mərhələdə yolboyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.
Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə, yolboyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Həmçinin yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.
Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulub.