Azərbaycanın yeni turizm brendi dünyanın nüfuzlu “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib elan olunub.
“Landor” şirkəti tərəfindən hazırlanan brend “Brend stilinin (hədəf kütlə ilə ünsiyyətin) ən yaxşı istifadəsi”, “Ən yaxşı məkan brendi və ya milli brend”, “Səyahət, istirahət və turizm sahəsi üzrə ən yaxşı vizual görüntü” nominasiyaları üzrə qızıl, “Vizuallığın ən yaxşı istifadəsi” nominasiyası üzrə bürünc mükafatı qazanıb.
Bundan əlavə, brend “Brend yaradılması layihəsinin ən yaxşı tətbiqi” nominasiyası üzrə – “yüksək tərifəlayiq” statusu ilə təltif olunub.
Tədbirin əsas mükafatlarından olan, unikal yanaşma və xarakter baxımından brendin təmsil etdiyi məkanın ən yaxşı təqdimatı üzrə verilən “Ən yaxşı vizuallıq” nominasiyası Azərbaycanın yeni turizm brendinə təqdim olunub.
Məlumat üçün bildirək ki, “Transform” jurnalı brend yaradılması və rebrendinq üzrə yeniliklərin paylaşıldığı, dünya üzrə bütün sahələrə aid imicin idarəedilməsi, brendlərin yenilənməsi və tətbiqi, dizayn, korporativ kommunikasiya və s. kimi məqamlar haqqında xəbərlərin yerləşdirildiyi qlobal nəşr orqanı kimi fəaliyyət göstərir. Rüblük olaraq nəşr edilən jurnalın London, Dubay, Nyu-York və Honq Konqda hər il mükafatlandırılma mərasimi təşkil olunur.
Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları – bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutub.