Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Tədbirlər / Turizmin inkişafı məsələləri ilə bağlı Konfrans keçirilib

Turizmin inkişafı məsələləri ilə bağlı Konfrans keçirilib

İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd turizm sektorunun inkişaf perspektivləri və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələrin aparılmasıdır.

Konfransda İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Hotel Assosiasiyasının, biznes subyektlərinin və QHT nümayəndələri iştirak edib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir müavini digər sahələrə olduğu kimi turizm sahəsinə dövlət qayğısını vurğulayaraq, bu sahənin inkişafı üçün geniş imkanları, əlverişli turizm infrastrukturunun yaradıldığını, beynəlxalq standartlara cavab verən otellərin, müalicə-sağlamlıq komplekslərinin, istirahət zonalarının istifadəyə verildiyini, ölkəyə daha çox turistin cəlb olunması və milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldilməsi üçün layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

Bildirilib ki, turizmin inkişafına digər dəstək tədbirləri ilə yanaşı, güzəştli kreditlərdən istifadə imkanları da genişləndirilib. İndiyədək Sahibkarlığın İnkişafı Fondu 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45.5 milyon manat güzəştli kredit vəsaiti ayırıb və bu layihələrin hesabına 4640 yeni iş yerinin açılması imkanı yaranıb.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib, son illər ölkənin turizm sektorunda inkişaf meyllərini və ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin ölkəyə turist axınının sürətləndirdiyini diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Faiq Abbasov qurumun fəaliyyəti barədə məlumat verərək, sahibkarlara göstərilən müxtəlif dəstək mexanizmlərini, o cümlədən, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və “KOB Evi”nin yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

Konfrans çərçivəsində “Turizmin inkişafında sosial infrastruktur, nəqliyyat və kommunal xidmətlərin rolu və turizm sənayesində inzibati prosedurların sadələşdirilməsi və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda panel müzakirələr aparılıb.

Turizm sektoru sahəsində fəaliyyət göstərən biznes subyektləri ilə dövlət qurumları arasında aparılan müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri məhsullarının sərgisi təşkil edilib.

Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir