Bazar , Noyabr 24 2024
azenru
Home / Tədbirlər / “Şəhərdən Kəndə” aqroekoturizm layihəsinə start verilib

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinə start verilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib. Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçiriləcək layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi dəstək verir.

“Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir: “Biz tərəfdaş qurumlarımız ilə birgə “Şəhərdən Kəndə” adlı aqroekoturizm layihəsini həyata keçirmək qərarını verdik. Bu layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir. Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək”.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxışında təqdim olunan layihənin kənd turizminin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib: “Layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə gələn insanların maraqlarını təmin etmək, baş verə biləcək neqativ antropogen təsirlərin minimuma endirilməsi olmalıdır. Kənd mühiti, kənd təbiəti özündə saflığı təcəssüm etdirir. Kəndə gələn insanlar geriyə şəhərə qayıdarkən, özləri ilə müsbət enerji aparırlar. Kənd mühiti insanlarda xoş təəssürat buraxmalıdır”.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bütün dünyada turizm sahəsində rəqabət getdikcə artır: “Biz çalışmalıyıq ki, turistlərə fərqli, maraqlı məhsullar təqdim edək. Bu cəhətdən aqroekoturizm məhsulları xüsusilə önə çıxır. Aqroekoturizmin inkişafı üçün Azərbaycanın zəngin potensialı var. Təbiətimiz gözəl, regionlarımız özünəməxsus, insanlarımız qonaqpərvərdir. Bizim əsas vəzifəmiz bu potensialı səmərəli istifadə etmək, təbliğat aparmaq, uğurlu təqdimat həyata keçirməkdir. “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi də budur. Dövlət Turizm Agentliyi olaraq Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçiriləcək bu layihənin tərəfdaşı olmaqdan məmnunluq hissi keçiririk”.

Daha sonra tədbirdə “Şəhərdən Kəndə” layihəsinə həsr olunmuş film nümayiş edilib.

Filmin nümayişindən sonra çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib ki, layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır: “Layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Belə ki, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq, bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq, əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq”.

Leyla Məmmədovanın sözlərinə görə, “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı olan yerli və əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir