17-18 iyun tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.
37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.
ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.
Nümayəndə heyətinin tərkibində Dövlət Departmanentinin İqtisadi işlər üzrə dövlət katibinin müavini, Kommersiya Departameninin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və Azərbaycanda turizmin dayanıqlı inkişafı və Azərbaycanın milli mədəni irsinin qorunması üçün son illərdə görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
“İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi faktı Agentlik sədri tərəfindən sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub, 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.
Mənbə: Dövlət Turizm Agentliyi