Avqustun 7-də mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdü.
Nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırdı.
Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışdı. Qonaq ölkəmizi bu ilin oktyabr ayında Argentinada təşkil ediləcək tanqo festivalında iştiraka dəvət etdi.
Daha sonra Əbülfəs Qarayev Avstriya Respublikasının Azərbaycandakı səfiri Bernd Aleksandr Bayeri qəbul etdi.
Qonağı səmimi salamlayan nazir bildirdi ki, eyni coğrafi mövqe və əhali sayına məxsus olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur.
Nazir söhbət zamanı iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, məktəblər arasında şagird mübadiləsi hər iki ölkənin gənc nəsli üçün müsbət nəticələr və ölkələrimizin mədəniyyətinin təbliğinə böyük töhfələr vermiş olar:
“Muzey, teatr, konsert müəssisələri, mədəni irs nümunələrimiz vasitəsilə biz iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirə və birgə layihələr həyata keçirə bilərik”.
Əbülfəs Qarayev həmçinin diqqətə çatdırdı ki, Avstriya ilə Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr iki ölkənin dostluğuna və mədəniyyətlərin dialoquna xidmət edir.
Görüşlər zamanı hər iki səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildirdilər. Diqqətə çatdırıldı ki, həm Avstriya, həm də Argentinanın komitənin sessiyalarında iştirak etmiş nümayəndə heyətləri tədbirin təşkilatçılıq məsələlərindən öz razılıqlarını ifadə ediblər.