Dekabrın 10-da Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdimedilmə mərasimi keçirilib.
Tədbirə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və işgüzar tədbirlər sənayesinin iştirakçıları qatılıblar.
Tədbirdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları və elm sahəsi üzrə ölkənin tanınmış simalarını – “səfir”ləri bir araya gətirməkdir.
Çıxışlarda “səfir”lərin ölkənin işgüzar turizm potensialının üzv olduqları beynəlxalq təşkilatlarda səmərəli təbliğ etməklə irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycana cəlb olunmasında mühüm rol oynayacaqları qeyd olunub.
Hazırda “Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu sayın 50 nəfərə çatmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun bir illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verilib.
İşgüzar tədbirlər sənayesinin gələcək trendleri haqqında keçirilən panel müzakirələrində Rusiya Konqreslər Bürosunun direktoru Aleksey Kalaçev, Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının Avropa üzrə meneceri Elif Balcı, işgüzar tədbirlər üzrə nüfuzlu “Enited business events” şirkətinin baş məsləhətçisi Henrik Von Arnold, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktor müavini Bəhruz Əsgərov və Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva çıxış ediblər.
Həmçinin tədbir zamanı il ərzində Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli assosiyasiya nümayəndələrinə, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvlərinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən mükafat və sertifikatlar təqdim olunub.