Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Tədbirlər / Dövlət Miqrasiya Xidmətinin 2019-cu il yekunları

Dövlət Miqrasiya Xidmətinin 2019-cu il yekunları

Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

15 yanvar 2020-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verib.

Bildirib ki, ötən ildə də ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi – daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, eləcə də yeni sosial layihələr reallaşdırılıb.

Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını açıqlayıb və bildirib ki, ümumilikdə Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşanlarda 10 faiz,  iş icazəsi alanlarda 8 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb.

Həmçinin vurğulanıb ki, əcnəbilərin  ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var.

Xidmət rəisi söyləyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da proritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, “Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına  töhfə verib. Həmçinin gənclərə xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.

Qeyd edilib ki, 2019-ci ildən fasiləsiz iş rejiminə keçən “Çağrı mərkəzi” həftənin hər günü 24 saat ərzində vətəndaşlar tərəfindən edilən zəngləri qəbul edir. Bu müddət ərzində edilən zənglərin sayı 110.268 olub.

Xidmət rəisi əldə olunan uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki,  Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti son iki ildə ən yüksək nəticəni göstərib və ilk sırada yer alıb (68.98% və 83.81%).

Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib və sonda media nümayəndələrinin suallarını cavablandırıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir