Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə şəhərə gələn turistlərin rahat gediş-gəlişini təmin etmək üçün Naftalan – Goran dəmir yolu stansiyası – Naftalan marşrutu üzrə müasir standartlara cavab verən nəqliyyat vasitəsi istifadəyə verilib.
İcra Hakimiyyətindən aldığımız xəbərə görə, turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq hər gün pulsuz həyata keçiriləcək.
Gələcəkdə tələbat artarsa, nəqliyyat vasitələrinin sayı artırılacaq.
“Bu marşurutun açılmasının əsas səbəblərindən biri Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır”, – deyə qurum bəyan edib.
Xatırladaq ki, 2019-cu ildə Naftalana gələn turistlərin sayı rekord həddə – 40 min nəfərə çatıb. Bunun 40%-i xarici turistlərdir.
Mənbə: Report.az