” Buta Airways” aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək. Uçuşlar həftədə bir dəfə – bazar günləri yerinə yetiriləcəkdir.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.
Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası və uşaq qidası götürə bilərsiniz. “Duty Free” mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.
Biletlər artıq aviaşirkətin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.