Dekabrın 1-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Türkiyənin ən böyük turizm tədbirlərindən biri hesab olunan “Uzakrota Online 2020” turizm sammitində çıxış edərkən Qarabağ, onun turizm imkanları və burada turizmin inkişafı perspektivləri haqda məlumat verib.
O bildirib ki, gələcək planlarda Qarabağ regionunun yeni turizm destinasiyası kimi təqdimatı ərazidə təhlükəsizliyin təmini və infrastrukturun yaradılması proseslərindən sonra baş verəcək.
“İnternetin destinasiya marketinqində rolu” panelində spiker qismində çıxış edən Florian Zenqstşmid, həmçinin iştirakçılara COVID-19 pandemiyası zamanı destinasiyaların marketinqində internetin və rəqəmsal alətlərin üstünlüyü, turizm sənayenin inkişafında innovativ strategiyaların tətbiqini, eləcə də turistləri cəlb etmək üçün destinasiyaların təhlükəsiz və dayanıqlı olması amillərinin vurğulanmasının vacibliyi haqqında danışıb.
Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan F.Zenqstşmid türkiyəli turistlərin Azərbaycana olan marağının artmaqda olduğunu bildirib.
Baş icraçı direktor Azərbaycanda pandemiya dövründə həyata keçirilən layihələr, o cümlədən “Azerbaijan 101” onlayn təlim platforması, Turizm Təlim və Sertifikasiya Mərkəzi, “Macəra Yaxındadır” daxili turizm kampaniyası haqqında da məlumat verib.
Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva sərgi daxilində işgüzar turizmə həsr olunmuş konfransda “Yerli innovasiyalar vasitəsilə işgüzar tədbirlərin inkişafının cəmiyyətlər üzərində təsiri” mövzusunda çıxış edib.
O, təqdimatında işgüzar tədbirlər sənayesinin inkişafı üçün zəruri olan əsas faktorlar, o cümlədən təhsil səviyyəsinin artırılması, sənaye nümayəndələri üçün əməkdaşlıq və şəbəkələşmə imkanlarının yaradılması, dövlət tərəfindən sənayenin inkişafına dəstək verilməsinin üstünlüklərindən bəhs edib.
Sevda Əliyeva işgüzar tədbir, konfrans və sərgilərin cəmiyyətə nəinki maliyyə cəhətdən, həmçinin akademik və iqtisadi baxımından faydalı olmasını qeyd edərək Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılan İşgüzar Tədbirlər Sənayesi Alyansı və Səfirlər Proqramı, pandemiya dövründə keçirilən hibrid tədbirlər, eləcə də gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq tədbirlər barəsində danışıb.
“Uzakrota Turizm Sammiti” turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. Bu il onlayn formatda keçirilən sərgiyə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 100 mindən çox turizm mütəxəssisi və 300-ə yaxın spiker qatılıb.