Çərşənbə , Noyabr 27 2024
azenru
Home / Blog / Xüsusi adamların məkanı- Kuraj bazarı – RENA OSMAN YAZIR

Xüsusi adamların məkanı- Kuraj bazarı – RENA OSMAN YAZIR

“Peçerskaya Lavra”, “Maydan Nezalejnosti” (Azadlıq meydanı), Kreşatik küçəsi, Sofiya kilsəsi (və digər çoxsaylı kilsələr), muzeylər, milli yeməklər olan restoranalar, əyləncəsi səhər saat 11-ə kimi davam edən gecə klubları- bunlar hamısı Ukraynanın paytaxtına üz tutmağa hazırlaşan turistərin getməyi nəzərində tutmuş yerlərdir. Ümumiyyətlə, Kiyev deyəndə ilk ağla gələnlərdir. Sözsüz, hamısı görülməyə dəyər, bəziləri hətta “must see” siyahısına da daxildir.

Lakin bu şəhərdə Azərbaycandan gedən heç kimin ağlına gəlməyən, avropalı turistlərin və yerli adamların isə çox sevdiyi bir yer var ki, oranı kəşf etdiyim üçün hədsiz şanslı hiss edirəm özümü. Yazının adında da qeyd etdiyim kimi, bura xüsusi adamların məkanıdır. Məncə, dincəlməyi, əylənməyi bacaran, plastik qabda yeyib-içməkdən zəri tökülməyən, açıq havada torba kreslolarda əyləşib küçə musiqisini dinləyən, heyvanları, kitabları, vintaj əşyaları, şoppinqi, uşaqları, insanları sevənlərin cənnətidir. Kiyevin mərkəzindən on altı kilometr aralıqda yerləşən on iki hektar ərazini tutan bu möhtəşəm yer 2014-cü ildə yaradılıb və məqsədi dinindən, dilindən, milliyətində asılı olmayaraq, dəri rəngi, göz rəngi, saç rəngi, yaş, cins demədən hamının özü üçün nə isə tapa biləcəyi atmosfer qurmaqdır. Məqsədlərinə də çatıblar, nə yalan deyim. Kimsə bura bit bazarında alışveriş etmək üçün, kimsə müxtəlif mətbəxlərin küçə yeməklərini dadmaq, kimisə musiqi dinləyib feyziyab olmaq üçün, bəziləri kitab oxumaq digərləri
yeni insanlarla tanış olmaq üçün gəlir və ya bizim kimi ilk dəfə gələnlər hər şeydən biraz dadmağa can atır, xüsusən də yeməklərdən. Əslində, Avropada oxşar yerlərdə az olmamışam, lakin bu maştabda, bu rəngarənglikdə olanına ilk dəfə idi düşürdüm.

Kuraj bazarın ümumi konseptindən başqa hər ayın bir həfətəsonu müəyyən mövzuda tədbirlər keçirilir. Məsələn, biz olan həftəsonu əsas mövzu Kitab idi (necə də bəxtim gətirmişdi)- bir platformada böyük bir kitab sərgisi var idi, axşamkı yığıncaqda səhnədə kitab oxunurdu, bit bazarında kitab satışı çoxluq təşkil edirdi, hər tərəfdə balaca kitabxanalar qurulmuşdur. Sonradan internetdə oxuduğum məlumata görə, dünyadakı ən intellegent bit bazarı məhz Kuraj bazar sayılır və hər il burada əlli mindən çox kitab satılır. Başını hansı tərəfə döndərsən kitab görmək mümkündür. Ayaqqabıların arasında, köhnə çamadanın içində….Buradakı sərbəstlik, basabas olmasına baxmayaraq genişlik hissi, heç tanış olmadıqları halda ətrafdakılara doğma davranan adamların ç0xluğu Kuraj bazarı cəlbedici edən əsas faktorlardandır. Vintajxana, 20-ci əsrdən qalma ayaqqabıdan tutmuş yerli dizaynerlərin “limited edition”
kolleksiyasıları, ev əşyaları, “handmade” oyuncaqlar, aksessuarlar, ətirlər, təbii və dekorativ güllərə kimi hər şeyi tapa biləcəyiniz bu məşhur bit bazarı. Qiymətlər isə gülünc dərəcədə ucuzdan başlayaraq kosmik dərəcədə bahaya qədər yüksəlir. Hər cibi görür yəni.

Bilmirəm bir iki kəlmə söz, şəkillə yaşadığım emosiyaları və abu-havanı ötürə bildim ya yox, amma əgər yaxın aylarda Kiyevə səfər planlayanlar mənim yazımdan həvəslənib Kuraj bazara getmək istəsələr, rəsmi saytlarına daxil olub gələcək tədbirlər haqqında məlumat ala bilərlər.

P.S. Bir neçə lazımlı informasiya: Giriş bir adam üçün 50 qrivendir (3 AZN), mərkəzdən avtobus, metro, taksi ilə getmək olar. Taksi ilə yol hardasa 15 dəqiqə çəkir, ödənişi 7-8 AZN təşkil edir. İçəridə özbək, meksika, çin, yapon, türk və başqa mətbəxləri yeməkləri, şərab, pivə, viski, kokteyllər, isti içkilər və sair satılan böyük yemək zonası var. Yemək qiyməti təxminən 25-30 manatdır. Ətrafında “Darınok” adlanan böyük ticarət mərkəzi var, hansından bazara birbaşa
giriş var.

Sonda isə həmişə dediyim kimi, min eşitməkdənsə bir görmək yaxşıdır. Gəzin!

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …