Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

9 aprel tarixində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2020” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq və öz işini 11 aprel tarixinə kimi davam etdirəcək.

 

Bu unikal tədbir turizm üzrə xidmət və təkliflərin geniş spektrini təklif edən turizm bazarının aparıcı iştirakçılarını növbəti dəfə bir araya gətirəcək və aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

 

  • Gediş turizmi (Outbound tourism)
  • Yerli turizm (Domestic tourism)
  • Gəliş turizmi (Inbound tourism)

 

Sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT), eləcə də Azərbaycan Turizm Assosiasiyası (AZTA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

 

Bu il sərgidə yerli və regional turizm şirkətləri, eləcə də Belarus, Bolqarıstan, Gürcüstan, İsrail, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələri təmsil edən aviaşirkətlər, mehmanxana şəbəkələri, sanatoriyalar, istirahət mərkəzləri və beynəlxalq klinikalar öz marşrutlarını təqdim edəcəklər. Azərbaycanın turizm potensialı isə sərgidə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən təqdim ediləcək.

 

Əvvəlki illərdə olduğu kimi, “AITF 2020” sərgisində də təhsil turizmi, idman turizmi, turizm sektorunda informasiya texnologiyaları, ovçuluq və balıqçılıq, kruizlər və “MICE”-turizm kimi bir sıra digər sektorlar işıqlandırılacaq. “AITF 2020” sərgisinin ənənəvi xüsusi sektoru olan “Tibbi və Sağlamlıq Turizmi” sektoru da sərgidə bir çox dünya ölkəsinin həm sanatoriya, həm də sağlamlıq və spa mərkəzləri tərəfindən geniş şəkildə təqdim olunacaq. Sərgidə ilk dəfə olaraq Antarktida, Qrenlandiya, Frans-İosif Torpağı, Şimal qütbü, Şpitsbergen, Cənubi Georgiya və Cənubi Sandviç Adaları və Yan-Mayen kimi turizm istiqamətləri təqdim ediləcək.

 

SƏRGİ +

EKSPOZİSİYADAN DAHA ÇOX 

Bu il sərgi proqramı biznesin inkişafı, potensial tərəfdaşların cəlb edilməsi və əməkdaşlıq üfüqlərinin genişləndirilməsi üçün platforma olan tədbirlərlə zəngindir.

 

Belə ki, sərgi çərçivəsində artıq ənənə halını almış və həm mövcud işgüzar əlaqələri gücləndirmək, həm də yeni əlaqələr qurmaq üçün imkan yaradan “B2B” formatlı görüşlər keçiriləcək. Builki görüşlər həm turizm şirkətləri, həm də “Tibbi turizm” sektorunun nümayəndələri arasında təşkil olunacaq. Həmçinin sərgi iştirakçıları ilk dəfə olaraq Azərbaycanın korporativ sektorunun nümayəndələri ilə işgüzar görüşlər keçirə biləcəklər.

 

Tibbi turizm sektoruna olan marağın gündən-günə artmasını nəzərə alaraq, təşkilatçılar bu il Azərbaycanda tibbi turizmin inkişaf potensialına həsr olunmuş konfrans keçirməyi planlaşdırırlar.

 

“AITF” sərgisinin işgüzar proqramına həm də yeni xidmətləri və xüsusi turizm təkliflərini təqdim etmək üçün müasir platforma olan “Təqdimatlar zonası” da daxil edilib.

 

“AITF” sərgisinin əyləncə proqramı çərçivəsində sərgi iştirakçılarının milli rəqslər və musiqi vasitəsi ilə öz ölkələrinin mədəni nailiyyətlərini nümayiş etdirəcəyi “Ümumdünya folklor festivalı”, eləcə də “Dünya mətbəxi festivalı”nın keçirilməsi planlaşdırılır. Sərginin keçirildiyi günlər ərzində ziyarətçilər Bakı Ekspo Mərkəzinin foyesində Azərbaycanın tanınmış fotoqraf-səyyahı Aydın Sadıxovun fotosərgisi ilə də tanış ola biləcəklər.

 

“AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

 

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan əldə edə bilərsiniz:: www.aitf.az

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir