Dünyanın ən bahalı otellərindən olan “Mardan Palace Hotel” mehmanxanası yeni nömrələrə qeydiyyatı dayandırıb.
TravelNews.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bununla da bu lüks otel bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Hazırda otel borclarının olması səbəbindən problemlərlə üzləşib.
Otelin meneceri Səlcuk Şəntəpə bildirib ki, mehmanxanada nömrələrin qeydiyyatı dayandırılsa da, otelin bağlanması barədə söhbət gedə bilməz: “Nömrələrin qeydiyyata alınması başqa şeydir, otelin bağlanması isə başqa. Mən hazırda oteldəyəm və otel işləyir. Təbii ki, bizim problemlərimiz var, ancaq onlar müvəqqətidir. Otel bağlı deyil və bağlanmayacaq. Çünki, turizm tarixində o ən yaxşılardan biridir. Problemlər həll olunacaq, bağlanmaq haqqında isə biz düşünmürük”.
S. Şəntəpə bildirib ki, hazırda oteldə qonaqlar da var və otelin işçilərinin sayı 670 nəfər təşkil edir: “Oteldə nömrələrin qeydiyyatının dayandırılması bir həftədən çox çəkməyəcək”.
Qeyd edək ki, “Mardan Palace Hotel” mehmanxanası 2009-cu ildə Antalyanın Kundu bölgəsində inşa edilib. Bu otelin inşasına yatırımların həcmi 1,4 mlrd. dollar təşkil edir.