Bazar , May 19 2024
azenru
Home / Blog / “Ürəyimi yandırdın almalarınla” – RƏHİM QƏDİROV YAZIR

“Ürəyimi yandırdın almalarınla” – RƏHİM QƏDİROV YAZIR

Bu gün Qubada növbəti – sayca beşinci “Alma bayramı” və ilk dəfə “Xalça Festivalı” keçirilib.

Qubaya yola düşəndə düşündüm ki, görəsən, bu il hansı yeniliklər bizi gözləyir. Festival saat 11:00-da başladı. Əsas prospektdə insanların rahatlığını təmin etmək üçün nəqliyyatın hərəkəti dayandırılmışdı. Tədbirin keçirildiyi əraziyə yaxınlaşdıqca keçən illərdə gördüyüm mənzərələrlə yenidən qarşılaşdım. Yenə gələnlər yarı-yarı buraxılır (bu normal haldır), yenə gözləməyə səbri çatmayanlar otları tapdayaraq, daşlardan atılaraq içəri daxil olur və ya olmağa çalışır, yenə polislər hərəkəti nizamlamağdan həmin insanlarla mübahisə edir. Vəsiqəmi göstərib içəri keçdim (çətinliklə). Hər il olduğu kimi, bu il də müəyyən yöndə gediş üçün istiqamət yox idi (Məsələn, Gül bayramı zamanı Heydər Əliyev parkındakı təcrübədən istifadə etmək olardı). Bu səbəbdən stendlərə yaxınlaşmaq, şəkil çəkmək və çəkdirmək alınmır, kiməsə toxunmadan gəzmək və otları tapdamamaq qaçılmaz olurdu.

Yerli əhalinin bu festivallara həvəslə hazırlaşdığı üzlərindən bəlli olurdu. Gələn qonaqlara, turistlərə və mətbuat nümayəndələrinə gülərüzlə məlumat verir, təmsil etdikləri kəndlərdən ağız dolusu danışırdılar. Təbii yaxşı olardı ki, hər beş stendə bir ingilisdilli bələdçi təyin olunsun. Düzdür, turistlərin 98%-i Bakıdan və Azərbaycanın digər regionlarından gələn turistlər idi amma xarici turistlərlə danışan bələdçi tədbirin dəyərini də artırardı. Stendlərin bəziləri çox yaxşı quraşdırılmışdı, bəziləri isə beçinci dəfəyə görə zəif idi.

Hər il olduğu kimi bu il də tədbirin bəzəyi isə uşaqlar idi. Onların rəqsləri, tamaşaları, həvəsləri gələn turistləri valeh edirdi. Uşaqların nümayiş etdirdiklərinə yaxından baxmaq azsaylı sadə vətəndaşa qismət oldu ancaq uzaqdan baxanda da insanın ürəyi açılırdı.

Bu il bir məsələ də diqqətimi çəkdi; “Xalça Festivalı”na görə “Alma Bayramı” biraz arxa planda qalmışdı. Çünki, ağacların dibində və uşaqların paltarında olan almalardan başqa çox az, yox dərəcəsində alma stendi gözə dəyirdi. Evə “Alma Bayramı”ndan əliboş, almasız qayıtmaq isə “ürəyimi bərk yandırdı”.

Sadaladığım kiçik problemləri nəzərə almasaq digər şeylər yaxşı idi. Uşaqların üzü gülürdü, insanlar sevinclə gəzir, danışır, gülür, tədbirdən zövq alırdılar. Sənət adamları da onları təbrikə gəlmişdi. Əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm. Əminəm ki, gələn il bu bayramlar daha yaxşı, daha peşəkar təşkil olunacaq.

 

 

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir