Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Bakı Şopinq Festivalı payız mövsümünü uğurla başa vurub

Bakı Şopinq Festivalı payız mövsümünü uğurla başa vurub

Bu payız Bakıda keçirilən mötəbər tədbirlərin sırasına daha biri əlavə olunub. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirilib. Sözügedən ticarət festivalı keçmiş MDB məkanında iri miqyaslı unikal tədbirlər sırasında yer alır. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və imzası ilə təsdiq olunmuş turizmin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq,  Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin birbaşa rəhbərliyi ilə həyata keçirilən bu layihəyə Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBank rəsmi tərəfdaş olaraq dəstək verib. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına da şərait yaradıb. Qeyd edək ki, yerli əhaliyə sözügedən proqram dünyanın heç bir ölkəsində analoqu olmayan güzəştdir.  Alıcılar festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə ediblər. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Həmin mallara ƏDV qaytarılması-“Tax Free” imkanı təqdim olunub.

Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər təşkil olunub. Ümumilikdə tədbir ötən illə müqayisədə müxtəlif yeniliklərlə yadda qalıb.  Şopomaniya, uğur çarxı oyunları, “Festival Sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirlər təşkil edilib. 100-ə yaxın mağazanın dəstək verdiyi lotereyada 80 000 ədəd alıcı “poz-qazan” formatında lotereya bileti əldə edib.  20 500 ədəd hədiyyədən ibarət uduş sahiblərini tapıb. Bütün bunlar isə yekunda festival dövründə ticarət dövriyyəsinin artmasına təkan verib.

Festival üçün Turizm sektorunda ilk dəfə olaraq AZAL və mehmanxanalar ilə tur paketlər yaradılıb.  İştirakçı mağazalar  aktiv şəkildə marketinq və satış kampaniyalarına qoşulub. Təklif olunan endirim və satış kampaniyaları böyük alıcı kütləsi tərəfindən müsbət qarşılanıb.

Tədbir eyni zamanda Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət edib. Payız Festivalının ilkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb. Belə ki, oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir.

Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın Tax Free sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.

Alıcılar  Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə Baku Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artmışdır.

Məlumat üçün qeyd edək ki,  Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir