Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Şahdağ” Turizm Mərkəzindən məlum video ilə bağlı AÇIQLAMA

“Şahdağ” Turizm Mərkəzindən məlum video ilə bağlı AÇIQLAMA

“Şahdağ” Turizm Mərkəzinin rəsmi veb saytında sosial şəbəkələrdə yayılan məlum video ilə bağlı açıqlama yayımlanıb.  TravelNews.Az açıqlamanı olduğu kimi izləyicilərinə təqdim edir.

“Şahdağ” Turizm Mərkəzi olaraq sosial şəbəkələrdə yayılan, mərkəzin ictimai nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirə biləcək video görüntülərə cavab olaraq bildiririk ki, bu cür görüntülər vasitəsilə süni ajiotajın yaradılması turizm mərkəzi olaraq bizi narahat edərək təəssüfləndirir.

Məlumat üçün bildirək ki, sayca altıncı qış mövsümünün açılışı 16 dekabr tarixində baş tutmuş və gün ərzində mərkəz 3000-dən çox turist qəbul etmişdir.  Növbəti gün – 17 dekabr tarixində mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməmişdir.

Vurğulamaq istəyirik ki, turizm mərkəzi olaraq ən ümdə məqsədimiz qonaqlarımızın məmnunluğu ilə yanaşı, təhlükəsizliyini də ən yüksək səviyyədə təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın dünya üzrə tanınmış “Doppelmayr” şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər.

Əlbəttə, mərkəzimizə olan marağın və turistlərin sayının ilbəil durmadan artması bizi çox sevindirir. Ancaq təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılmış, kanat yollarının  sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılmışdır.

İstənilən halda “müştəri daima haqlıdır” prinsipini əsas tutaraq fəaliyyət göstərən mərkəz qonaqların rahatlığını təmin etmək, daim xidmət keyfiyyətini artırmaq üçün dayanmadan çalışır və gələcəkdə bu kimi halların baş verməməsi üçün daha ciddi təhlükəsizlik qaydalarının formalaşdırılması istiqamətində işlər görülür.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir