Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötür.
Ölkəmizin turizm sənayesində mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə yaradılan Turizm Şurası ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirib.
Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu tərəfindən Bakı şəhərinin və Azərbaycanın regionlarının 2018-ci il üçün turizm təqvimi hazırlanıb. Təqvim Turizm Şurasının üzvlərinə təqdim olunub və Şura üzvləri ilə razılaşdırılıb. Turizm təqvimi ölkənin rəsmi turizm saytları olan azerbaijan.travel və salambaku.travel səhifələrində yerləşdirilib.
Turizm təqvimində il ərzində qeyd olunacaq tədbirlər barədə məlumatlar yer alıb. İstifadəçilər maraqlarına uyğun olaraq ölkəmizdə təşkil olunacaq festival, sərgi, konsert, idman və digər tədbirlərlə bağlı məlumatlara daha asan çıxış əldə edə biləcəklər. Təqvimin mütəmadi olaraq yenilənməsi də nəzarətdə saxlanılacaq. Gələcəkdə təqvimdə yer alan tədbirlərə biletlərin onlayn satışını həyata keçirən qurumların veb səhifələrinə inteqrasiya da nəzərdə tutulub. Bu da həm yerli, həm də xarici turistlərin təqvimlə tanış olduqdan sonra dərhal bilet əldə edə bilmələrinə yardımçı olacaq.
Ölkə üzrə təqvimlə http://azerbaijan.travel/en/events, Bakı şəhəri üzrə təqvimlə isə http://salambaku.travel/en/events linkləri vasitəsilə tanış olmaq mümkündür. Saytlar ingilis və rus dillərində fəaliyyət göstərir. Həmçinin saytlar mobil versiyaya da uyğunlaşdırılıb.