Bazar , Noyabr 24 2024
azenru
Home / Destinasiyalar / Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub – STATİSTİKA

Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub – STATİSTİKA

Zəngin turizm potensialı və qonaqpərvərlik ənənələri ilə seçilən ölkəmizdə turistlərin maraq göstərdiyi məkanlar sırasında tarix-mədəniyyət qoruqları xüsusi yer tutur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 21 qoruq ölkəmizdə mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. 

TravelNews.Az xəbər verir ki, yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Qoruqdan verilən məlumata görə, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.

Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.

Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi ən müasir dünya standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Qədim tarixin, əski dini inancların yadigarı – “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Burada aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il “Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər olub. Onların 25 min 346-sı xarici vətəndaşlardı. “Atəşgah”ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan verilən məlumata görə, hər zaman olduğu kimi, ötən il də bu məkana ziyarətçi marağı böyük olub. İl ərzində qoruğa gələn 63 min 574 nəfərdən 54 min 717-sini xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.

Ölkəmizin regionlarında fəaliyyət göstərən mədəniyyət qoruqları, tarixi məkanlar da il ərzində çoxlu sayda ziyarətçi qəbul edib.

Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu 56 min 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.

Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir